Krımın ilhaqına və Donbasın bir hissəsinin işğalına görə Rusiyaya Qərb ölkələrinin tətbiq etdikləri sanksiyaların şimal qonşumuza necə təsir etdiyi zaman-zaman gündəmə gəlir. Hələ sanksiyaların tətbiq olunmağa başladığı ilk aylarda bəzi ekspertlər tərəfindən Rusiyanın bu məhdudiyyətlərə uzun müddət davam gətirə bilməyəcəyi bildirilirdi. Ancaq göründüyü kimi, Rusiya hələ də duruş gətirir və sanksiyaları aradan qaldırmaq üçün geri addım atmaq niyyətində deyil.
Bəs, bu sanksiyalar Rusiya iqtisadiyyatına, ictimai münasibətlər sisteminə necə təsir göstərir? Sanksiyalar rus insanının gündəlik yaşayışında özünü necə əks etdirir? Rusiyanın sanksiyalardan əvvəlki vəziyyəti ilə indiki arasında çoxmu fərq var?
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə bildirib ki, sanksiyaların Rusiya iqtisadiyyatına təsir edən ən böyük cəhəti odur ki, rus bankları və dövlət müəssisələri xarici banklardan kredit götürə bilmirlər. Onun sözlərinə görə, rus banklarında isə kreditin faizi 10 faizdən aşağı deyil: “10 faiz çox yüksək faizdir. Sən 10 faizlə götürdüyün krediti qoyduğun işdən, yatırdığın sahədən azı 15-18 faiz gəlir götürməlisən ki, həm faizi qaytarasan, həm də özün gəlirlə işləyəsən. Bu isə mümkün deyil. Hansı əmtəə 18-20 faiz gəlir gətirir? Yalnız silah, narkotik, fahişəlik və dərman istehsalı üzrə gəlir faizi 10-15, hətta 20 faizdən yuxarı olur. Amma bunlar iqtisadiyyatın əsas sahələri deyil axı…Özü də bunların 3-ü cinayətlə əlaqədardır. Ona görə də sanksiyalardan əvvəl Qərb banklarından böyük pullar alan rus dövlət müəssisələri onları qaytarmalıdırlar. Qaytarmaq üçün isə gərək nəsə satıb dollar əldə edəsən. Sanksiyalar nəticəsində ticarət məhdudlaşıb. Neft və qazdan başqa Rusiyanın heç nəyini almırlar. Bir də Azərbaycan kimi ölkələr silahını alır. Ona görə də Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Çünki Azərbaycan bu zaman Rusiyaya dollar vermiş olur. Bütün bunlara görə Rusiyanın iqtisadi vəziyyəti pisləşib”.
Z.Əlizadə qeyd edib ki, bundan əlavə sanksiyalardan əvvəl də Rusiyada iqtisadi inkişaf çox bərbad vəziyyətdə idi: “Nəyə görə? Çünki Rusiyada inzibati amil işləyir. Məmur reketçiliyi, korrupsiya, qadağalar, yəni biznesin inkişafı üçün namünasib bir şərait mövcud idi. Elmə, təhsilə, səhiyyəyə kifayət qədər pul ayırmırdılar. Sanksiyalar Rusiyada hər sahədə obyektiv mövcud olan mənfi meyilləri gücləndirdi və Rusiyanın iqtisadi vəziyyəti pisləşdi. Beləliklə, Rusiyanın ümumi daxili məhsulunun həcmi ilbəil aşağı düşməyə başladı. Bu gün Rusiyadan daha pis iqtisadi vəziyyət Ukraynada və Argentinadadır. Yəni, Rusiya iqtisadiyyatı çökməsinin tempinə görə dünyada üçüncü yeri tutur”.
Bununla belə Z.Əlizadə bildirib ki, rus xalqı indiki durumdan razıdır: “Rusların illik gəlirləri, həyat səviyyəsi aşağı düşür, işsizlik artır, bununla bərabər ruslar razıdırlar. Niyə görə? Çünki sadəlövh millətdir. Onlara elə gəlir ki, Krımı tutmaqla Putin böyük bir uğur qazanıb. Mən isə deyirəm ki, Putin Krımı tutmaqla Rusiya büdcəsinə əlavə bir yük qoydu. Çünki Krım dotasiya ilə dolanır. Mərkəzi büdcədən Krıma böyük pullar ayrılır. Krım heç bir vəchlə yaxın vaxtlarda gəlirli regiona çevrilməyəcək. Ona görə əlavə bir yük götürüblər”.
Rusiyanın təbii sərvətlərinin az olmadığını xatırlatıdqda Z.Əlizadə deyib: “Millət təbii sərvətlər hesabına yaşaya bilməz axı. Bu, tüfeyli, parazit həyat tərzi keçirməkdir. Bu ona bənzəyir ki, 20 yaşlı oğlan qoca ata-anasından pul alaraq keflə yaşayır. Restorana gedir, qızlarla gəzir, maşın sürür. Yaxşı bir il, iki il, üç il... Bunun bir sonu olmalıdır axı.. Bu müqayisədə varlı valideyn burda təbii sərvət rolunda çıxış edir. Ancaq ata-ana da bir gün ölüb gedəcək. Daha pul olmayacaq. Həmin o gənc nəsə bir iş bacarmalıdır. Ölkə nəsə istehsal edib satmalıdır. Rusiyanın sovet dövründən sonra iqtisadiyyatı, sənayesi, bir sözlə, hər nəyi varsa, durmadan dağılıb gedir. Rusiya metal satır. Metal da xammal kimi bir şeydir. Orda da böyük bir əlavə dəyər yaranmayıb. Filizi çıxarır, əridir və satır. Dəmirdən hansısa bir məhsul düzəldə bilərdi, onu da eləmir. Yaxşı, bədnam sovet quruluşu 25 ildir dağılıb gedib. Rusiya rəqabətə davamlı bir avtomobil istehsal edirmi? Sovet İttifaqının güclü aviasiya sənayesi var idi. Dünya təyyarələrinin 40 faizi sovet istehsalı idi. Aviasiya sənayesi ləğv olundu. Mülki təyyarələr buraxılmır. Bir az “Su”lar, “Miq”lər buraxır. O da çox məhdud sayda. Kosmik sənayesi yavaş-yavaş ölür, geridə qalıb. Artıq hamı etiraf edir ki, Rusiya kosmosda autsayderə çevrilib. Yəni, sovet dövrünün bütün nailiyyətlərini itirirlər. Sadəcə, istehlak artıb və bir də çoxlu milyoner və milyarder əmələ gəlib. Bəli, bu, müstəqillik dövründə Rusiyanın böyük nailiyyətidir”.
Rusiyanın bu vəziyyətdə nə qədər duruş gətirə biləcəyinə dair sualımızı cavablandıran politoloq aparıcı, tanınmış rus iqtisadçılarının istisnasız olaraq hamısının, o cümlədən Vladimir Putinin iqtisadi müşaviri olmuş Andrey İllarionovun ölkənin mütəmadi olaraq dağıdıldığını vurğuladıqlarını bildirib: “Dağılır, sadəcə təbii sərvətlərin hesabına ömrünü bir qədər uzadır. Amma təbii sərvətlər tükənməz deyil və bu cür bərbad idarəçiliklə heç nə etmək mümkün deyil”.
Ölkənin valyuta ehtiyatlarının nə vaxt tükənəcəyinə gəldikdə isə, müsahibimiz bildirib ki, bununla bağlı müxtəlif hesablamalar var: “Rusiyada bir ehtiyat fondu, bir də sabitləşdirici fond var. Bəzi hesablamalara görə, bu fondlardan biri 2017-ci ildə tükənməlidir. Digər fond, üstəlik qızıl ehtiyatları isə Rusiyaya hələ 2 il də vaxt verir. Amma əslində iqtisadi vəziyyət, əhalinin vəziyyəti pisləşir. Əhalinin 40 faizindən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Son 5 ildə əhalinin ümumi gəlirləri 40 faiz düşüb. Yəni, Rusiyada yoxsullaşma prosesi sürətlə gedir. Amma eybi yox. Belə şeylər çox olub. Rus xalqı müstəsna dərəcədə dözümlü xaldır. Onlar yəhərə, mahmıza, şallağa, qamçıya öyrəniblər. Hələliksə bu bacarıqsız, oğru, antimilli, tüfeyli zümrə Rusiyanı idarə edir”.
Səxavət HƏMİD