28 Noyabr 2016 20:26
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azıxda qazıntı aparanları ya aldadıb gətiriblər, ya da erməni lobbisinin nökərinə çevriliblər”

Ermənistan KİV-də İspaniya və Böyük Britaniyanın bir qrup arxeoloqunun qanunsuz olaraq Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğul olmasına Milli Məclisin ixtisasca tarixçi olan üzvləri reaksiya verib.

Millət vəkili, professor Musa Qasımlı Teleqraf.com-a açıqlamasında bildirib ki, İspaniya və Böyük Britaniyanın bir neçə arxeoloqunun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində olan Azıx mağarasında arxeoloji qazıntı işlərində iştirak etmələri beynəlxalq normaların kobud şəkildə pozulmasıdır: “Hesab edirəm ki, İspaniya və Böyük Birtaniya və Şimali İrlandiya Krallığındakı səfirliklərimiz həmin şəxslərlə əlaqə yaradıb, əməllərinin qanunsuz olduğunu onların diqqətinə çatdırmalı, işlədikləri elm mərkəzlərinə məktub yazmalı və XİN-ə müvafiq nota verməlidir. Eyni zamanda bizim müvafiq elmi qurumlarımız adı çəkilən ölkələrin digər arxeoloqları ilə əməkdaşlıq qurmaq üçün addımlar atmalıdırlar”.

Deputat, tarixçi-alim Fəzail İbrahimli da sözügedən faktı beynəlxalq hüququnun prinsiplərinə zidd addım sayır: “Azərbaycan ərazisini işğal edib özünü “respublika” adlandırıb arxeoloqlar çağırmaq qanuna uyğun olmayan hərəkətdir. Azərbaycanın Xarici İşlər Nazirliyi və digər aidiyyatı qurumlar ciddi hərəkətə keçib bu işi dayandırmalıdır. Azərbaycan dövlətinin sərhədləri, millətin hüququ pozulub, dünya isə təəssüf ki, ikili standartlar müstəvisində yaşayır və bu fakt da onun növbəti tərkib hissələrindən biridir. Amma bu məsələdə Azərbaycan tərəfi öz etirazını dünyaya, beynəlxalq təşkilatlara çatdırılmalıdır”.

Onun fikrincə, üzvləri Azıx mağarasında arxeoloji qazıntı aparan təşkilatla əlaqə yaradılmalı və bunun qanuna zidd hərəkət olduğu onların nəzərinə çatdırılmalıdır: “Bəlkə də qazıntı işini aparan Böyük Britaniya və İspaniyadan olan arxeoloqların Azıx mağarasının Azərbaycana məxsus olduğu barədə məlumatı yoxdur, onları aldadıb gətiriblər. Yaxud da erməni lobbisinin nökərinə çevrilib gəliblər? Bütün variantlarda etiraz lazımdır. Aidiyyatı qurumlar rəsmi formada, digər tərəfdən ən müxtəlif üsullarla sosial şəbəkənin gücündən istifadə olunmalı və etirazımızı bildirməliyik”.

Qeyd edək ki, İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo (Dr. Yolanda Fernandez-Jalvo, Museo Nacional de Ciencias Naturales), Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq (Dr. Tania King) və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus (Dr. Peter Andrews, Natural History Museum, London) bir müddətdir, qanunsuz olaraq Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldur. Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən faktla bağlı bəyanat yayıb.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər