23 Yanvar 2017 15:30
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Mehman Əliyevlə müsahibəni təqdim edir:

- Mehman bəy, prezident Trampın inauqurasiya mərasimində çıxışı zamanı dünyaya verdiyi mesajları necə qiymətləndirirsiniz?
- Mesajlar ABŞ-ın inkişaf istiqamətlərini ortaya qoyur. Birincisi, Tramp dedi ki, ABŞ-ın qüdrətini özünə qaytaracağam. Burada söhbət daha geniş, güclü, yüksək iqtisadi inkişafdan gedir. Əlbəttə, böhrandan sonra dünyada böyük iqtisadi inkişaf olmalıdır. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının üçdə birini təşkil edir. Odur ki, ABŞ bu iqtisadi inkişafdan mümkün qədər bəhrələnməyə çalışacaq. Biz istəyib- istəməməyimizdən asılı olmayaraq, ABŞ-da yeni iş yerləri açılacaq, iqtisadi canlanma baş verəcək. Tramp da bu istiqaməti gözəl bilir və bu məsələdə oynayır. Bunu da özünün gələcək siyasəti kimi təqdim edir. Bu proses sadəcə, onun dövründə baş verəcək, onun komandası da bunu icra edəcək.

İkincisi, radikal islam və İŞİD-lə bağlı fikirləri oldu. Aydındır ki, 2018-ci ilə qədər İŞİD məsələsi bitməlidir. Bu mənada 2017-ci il çox ciddi hadisələrlə zəngin olacaq. Əslində bu tendensiya görünür. Diqqət etsəniz görərsiniz ki, bu məsələdə qlobal və regional güclər birləşib. Söhbət ABŞ, Rusiya, Türkiyə, İran və körfəz ölkələrindən gedir. Aydındır ki, İŞİD məsələsi həll ediləcək. Tramp da bunu sadəcə təsdiqləyir.

Üçüncüsü, miqrasiya problemi. Tramp bəyan edir ki, ABŞ vətəndaşlarının iş yerlərini qoruyacaq, qeyri- qanuni miqrant axınının qarşısını alacaq və s. Əslində iqtisadi inkişaf mərhələsində miqrant axını səngiyəcək. Həm də aydındır ki, investisiyaların böyük hissəsi ilk növbədə inkişaf edən dövlətlərə gedəcək. Yəni Yaxın Şərq, Afrika ölkələri, Avrasiya ölkələri və s. Həm də iqtisadi canlanma olanda miqrasiya axını səngiyir. Məsələn, Suriyada müharibə dayanan kimi Avropaya, Türkiyəyə gedən suriyalıların böyük bir qismi geri qayıdacaq. Bu real məsələdir. Tramp sadəcə, hansı siyasi proseslərin gedəcəyini təsdiq edir.

- Trampun radikal islamla bağlı fikirləri Yaxın Şərqdəki qanlı müharibənin üzərinə su səpəcək, yoxsa əksinə onu daha da alovlandıracaq?
- Əgər biz vəziyyətə baxsaq görərik ki, İran, körfəz rejimlərində radikal islama qarşı mövqe dəyişir. Elə götürək Azərbaycandakı şiə və ya digər təriqətləri. Bəyəm onlar radikal islamı, İŞİD-in addımlarını dəstəkləyib? Bu məsələyə baxış kifayət qədər dəyişib. Əgər islam dünyasında illər əvvəl radikal islamçıların hərəkətlərinə daha çox bəraət qazandırırdılarsa, baş verən proseslər hər şeyi ortaya qoydu. İran və digər ölkələrin İŞİD-ə qarşı koalisiyaya qoşulması göstərir ki, islam dünyasında vəziyyət dəyişib. Bütövlükdə inanclı müsəlman insanlar arasında bu məsələyə müsnasibət pisdir və buŞ ümumi mövqedir.

- ABŞ-da anti-Trump etirazlarına səbəb nədir?
- Fikrimcə, bu geniş mövzudur və həm də qısa müddətə ona cavab vermək olmaz. Əslində Trampın hakimiyyətə gələcəyi gözlənilmirdi. Ancaq bunun niyə baş verdiyi və s məsələlər aydındır. Normalda Tramp iş adamıdır və peşəkar siyasətçi deyil. Amma indi siyasətə gəlib və ABŞ prezidentidir. Həm də müəyyən qədər populistdir. Belə böyük nəaliyyətləri olan iş adamı həm də ciddi adamdır. ABŞ-da mitinqlər, nümayişlər var. Sanki hamı duyur ki, əgər Tramp nəzarətə alınmasa, müəyyən çərçivəyə düşməsə, problem yarada bilər. Odur ki, siyasət, nəzarət, çərçivə ona görədir ki, fərqli hadisələr baş verməsin. Həm də nəzərə alın ki, Trampın dünyanın müxtəlif ölkələrdə müəyyən maraqları var. Rusiyada tikinti işi aparırdı, Gürcüstanda müəyyən biznes əlaqələri var və s. Burada həm də onun əlaqələri məsələsi ortaya çıxır. Çoxları da çalışır ki, onunla biznes fəaliyyəti zamanı yaranan əlaqələrdən istifadə etsin, ona müraciət etsin və s. Bu da Trampun indi tutduğu postla ziddiyyətlər təşkil edir. Bir sözlə, burada həm də əsas odur ki, Trampa ciddi təsirlər olmasın. Göstərmək istəyirlər ki, Tramp nəzarətdədir, ona yaxın gəlməyin, ona təzyiq etməyin. Çünki ortada ABŞ xalqı və cəmiyyəti var. Hesab edirəm ki, bu proseslərin arxasında həm də bu mesajlar dayanır.

- Trampa impincment elan edilməsi və ya onun Ali Məhkəmə tərəfindən prezidentlikdən uzaqlaşıdırlması ehtimalları nə qədərdir?
- Açığını deyim ki, mən bu kimi ehtimalları real saymıram. İş ondadır ki, Reyqan artist idi, sonra siyasətə gəldi, prezidentliyə qədər siyasət yolunu keçdi. Amma fakt odur ki, Reyqana zamanında bir artist kimi hətta qeyri-ciddi yanaşılırdı. Amma onun dövründə nələrin baş verdiyini, onun nə qədər uğurlu prezident olduğunu siz məndən də gözəl bilirsiniz.

Hesab edirəm ki, Obamanın dövrü ciddi zaman idi. ABŞ dərin iqtisadi böhranla üz-üzə idi. Obama hakimiyyəti bu vəziyyəti stabilləşdirmək, daxildə və xaricdə ABŞ-ın nüfuzunu qoruyub saxlamağa çalışdı. Mən deyə bilmərəm ki, buna nail ola bildilər. Trampın dövründə isə ciddi proseslər başlanır. Bu dövrdə dünyada və daxildə proseslər gedəcək. Nəzərə almaq lazımdır ki, bu siyasətin arxasında Amerika institutları və böyük bir cəmiyyət durur. Tramp administrasiyası sadəcə olaraq, bu prosesdə icraçıdır. Prezident özü isə bu siyasətin rəmzidir. Fikrimcə, rəmz kimi Tramp kifayət qədər üzərinə düşən rolu oynaya biləcək.

- ABŞ-İran münasibətləri necə olacaq. Tramp İranla bağlı nüvə sazişinin əleyhinə ciddi çıxışlar edir...
- Nəzərə alın ki, İran daxili dəyişikliklərə getmək istəmirdi. İndi Trampın bu mövqeyi İranı müəyyən qədər qorxutmaq və göstərməkdir ki, ondan öncə qəbul edilən şərtlər yerinə yetirilməlidir, əks halda biz bu məsələlərdə prinsipial olacağıq! Mən vəziyyəti bu cür görürəm. Gələcək 4 il ərzində İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklər də daha çox daxili islahatlar, Qərb ölkələrini İran bazarına buraxmaq, proseslərin açıq cəmiyyət istiqamətində getməsi və s.

- Ancaq Əli Əkbər Salehi elan edib ki, problem yaransa İran nüvə proqramı ilə bağlı əvvəlki mövqeyinə qayıda bilər...
- Bu mümkün deyil. İş ondadır ki, İran nüvə proqramı ilə bağlı danışıqlara, daha sonra güzəştlərə neftin qiymətinin dünya bazarında aşağı düşməsi dövründə getdi. Həmin vaxtda neft ölkələrinin çoxu çalışdı ki, konstruktiv mövqe tutsun. Nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiymətləri ABŞ-ın nəzarətindədir. Tramp gəlməzdən əvvəl bəyan etdi ki, ABŞ-da daxili embarqonu götürəcək, neft istehsalına imkan verəcək və s. Mən hesab edirəm ki, İran bu məsələyə qayıda bilməz.


İkincisi, bəllidir ki, Suriya və İraq məsələlərində İran-ABŞ əməkdaşlığı var. Hesab edirəm ki, İran ABŞ-dan daha çox asılıdır. Bu mənada düşünürəm ki, bu mövzuda problem olmayacaq.

- İsrailin baş naziri Benyamin Netenyahunun İran xalqlarına müraciəti oldu, baş nazir iranlıları dost və mübariz xalq adlandırdı, İran hakimiyyətini isə ciddi tənqid atəşinə tutdu. Sizcə, bu müraciətin arxasınca hansı məqsədlər dayanır?
- Mən iki amili qeyd edim. Birincisi, İsrail nüvə danışıqları məsələsində prinsipiallıq nümayiş etdirib. Və həm də xəbərdarlıq edirdi ki, İran nüvə proqramını həyata keçirsəŞ havadan zərbələr endirəcək. Əvvəllər bu hal olmuşdu.

İkincisi, Suriya məsələsi. İranın Livan və Fələstin məsələsində kifayət qədər konstruktiv mövqeyi var. Yəni münasibət konfrontasiya yönlü deyil. Bu mənada müəyyən qədər yaxınlaşma var. Tərəflər Yaxın Şərqdə baş verən olaylarda konstruktiv yaxınlaşma mövqelərinə daha çox üstünlük verir. Əlbəttə, qapalı, və gizli danışıqlar, razılaşmaları kimlərsə apara bilər. Amma biz üzdə olanlara baxanda görürük müəyyən məsələlərə dair yaxınlaşma var. Bu hiss edilir. Hesab edirəm ki, proseslər daha çox bu istiqamətdə davam edəcək.

CAVAD


Müəllif:

Oxşar xəbərlər