25 Yanvar 2017 23:52
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 24-də Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvada birgünlük işgüzar səfərdə oldu. O, Rusiya paytaxtında həmkarı Sergey Lavrovla görüş keçirdi.

Görüşdən sonra XİN-in yaydığı məlumatda görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinin ətraflı müzakirə olunduğu bildirilib. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Səfəri şərh edən “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu, sıradan bir səfər idi. O, bu səfərdən real nəticə gözləmədiyini bildirib: “Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil, əvvəlcə status məsələsi həll olunmalıdır” deyən nazirlə görüşdən real nəticə gözləməyə dəyməz. İki gün içində onun mövqeyi dəyişəsi də deyil. Sadəcə, Ermənistanın xarici işlər nazirini çağırmışdılar, indi də balansı pozmasınlar deyə naziri Azərbaycanın xarici işlər nazirini çağırıblar. Böyük ehtimalla əsas istəkləri o olacaq ki, əgər münaqişəni həll etmək mümkün deyilsə, tərəflər atəşkəsə riayət etsinlər. Amma münaqişənin mərhələli həlli başlamadan daimi atəşkəs də Azərbaycanın maraqlarına cavab vermir. Yeganə müsbət nəticə o ola bilər ki, bəlkə Rusiya Ermənistan tərəfdə faktiki girov saxlanılan Azərbaycan hərbçisinin nəşini qaytarar. Bu Rusiya üçün həm də ona görə vacib ola bilər ki, özünün necə böyük rola malik olduğunu, necə böyük vasitəçi olduğunu ortaya qoya bilər. Bu məsələ həll etmək Ermənistanın da maraqlarına cavab verər. Onlar bununla göstərə bilərlər ki, Rusiyaya necə bağlıdırlar. Yeganə nəticə bu ola bilər ki, səfərdən sonra Ermənistan tərəfi Azərbaycan hərbçisinin nəşini qaytarsın”.

Bəs bu məsələ nazirlərin görüşündə müzakirə olunubmu? E.Şahinoğlu deyir ki, bunu dəqiq söyləmək çətindir: “Ola bilsin, qapalı görüşdə müzakirə olunub. Çünki Azərbaycan tərəfi bütün iplərin Rusiyanın əlində olduğunu bilir. Bunu Elmar Məmmədyarovun son müsahibəsində də görmək olar. Müsahibədə belə bir fikir var ki, Rusiya istəsə Ermənistana təsir edib münaqişənin həllini sürətləndirə bilər. Sadəcə istəmir. Amma heç olmasa hərbçimizin nəşinin geri qaytarılmasını həll edə bilər”.

Onu da bildirək ki, yayılan məlumatda bu səfərin əvvəlcədən razılaşdırıldığı bildirilirdi. Ancaq son günlər Rusiya və Azərbaycan arasındakı əlaqələrdə meydana çıxan məsələlərdən, daha dəqiq desək Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 17-də keçirdiyi mətbuat konfransındakı məlum bəyanatından az sonraya təsadüf etməsi səfərin qəfildən meydana çıxmasına dair ehtimalları gücləndirir. Bu istiqamətdə də sualımızı cavablandıran politoloq səfərin əvvəlcədən planlaşdırılmasına dair söylənilən fikirlərin diplomatik ifadə olduğunu vurğulayıb: “Heç kim əvvəlcədən, deyək ki, 6 ay öncədən yanvarın 24-də hansısa ölkənin xarici işlər nazirinin Moskvaya gələcəyini planlaşdıra bilməz. Müəyyən tarixlər ətrafında fikir mübadiləsi aparılır, amma məhz bu tarixə düşməsini mən təsadüfi hesab etmirəm. Çünki Rusiya da görür ki, cəbhə bölgəsində vəziyyət gərginləşir və Moskva növbəti hərbi toqquşmalarda maraqlı deyil. Ona görə də tərəflərə ola bilsin, xəbərdarlıq edirlər ki, atəşkəsə riayət olunsun. Əsas səbəb budur və dediyim kimi erməni naziri çağırıblarsa, dırnaqarası tərəfsizliklərini göstərmək üçün gərək Azərbaycanın xarici işlər nazirini də Moskvaya çağıralar”.

Bəs bu görüşün təşkili Rusiyanın ortalığı yumşaltmaq cəhdinin tərkib hissəsi ola bilərmi? E.Şahinoğlu deyir, hansı yumşalmadan söhbət gedə bilər ki, Lavrov bir həftə öncə fikirlərini açıq şəkildə ifadə etdi: “Lavrovun çıxışında hər şey açıq idi. Əgər biz bu fikirləri eşitməsəydik mən sizinlə razılaşardım ki, nəsə yumşalma var. “Aprel müharibəsi”ndən sonra da bəziləri deyirdi ki, Rusiya 2 rayonu, yaxud 5 rayonu qaytara bilər. Gördünüz ki, heç biri düz çıxmadı. Mən heç o zaman da optimist deyildim. Rusiyanın bu münaqişənin ədalətli və Azərbaycanın maraqlarına uyğun həll olunmasında marağı yoxdur. Rusiya istəyir ki, bu münaqişə elə münaqişə kimi qalsın və bu münaqişə vasitəsilə də həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını saxlasın”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər