“Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada təbliği baxımından daha bir uğurlu addımlardan olacaq. Nəzərə alsaq ki, Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib, bu hadisə ölkəmiz üçün ikiqat əlamətdardır”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “yap.org.az” saytına YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, hazırda bəzi qüvvələr tərəfindən dünyada İslam dininə qarşı ədalətsiz yanaşma təbliğ olunur, dinimizin terrorla əlaqələndirilməsinə cəhdlər edilir.
Onun sözlərinə görə, Prezident İlham Əliyev belə bir qərar verməklə dünyaya mesaj verib:
“Yəni bütün dünya İslam dininin özündə necə yüksək dəyərləri daşıdığını anlamalı və qəbul etməlidir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi o anlama gəlir ki, İslam dini birlik, həmrəylik dinidir və bu həmrəylik davamlı olmalıdır”.
Ötən ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladan YAP İcra katibinin müavini deyib ki, bu qərar da bilavasitə dinlərarası münasibətlərin, mədəniyyətlərarası dialoqun yaxşılaşmasına xidmət edən mühüm bir addım idi.
Onun sözlərinə görə, bu gün dünyada dinlərarası münasibətlərin normallaşa bilməyəcəyi haqda fikirlər səslənir:
“Bu yanaşma işğalçı dövlətlərin apardığı siyasətdən qaynaqlanır və onların maraqlarına xidmət edir. İşğalçı dövlətlər ancaq o siyasəti aparırlar ki, dinlərarası vəziyyət gərginləşsin və bununla da öz məqsədlərini reallaşdırsınlar. ABŞ-da qəbul edilən son qərar da Amerikanın fundamental dövlət siyasəti ilə – Corc Vaşinqtonun, Avraam Linkolnun qoyduğu siyasi xətlə daban-dabana ziddir. İrqlərarası, dinlərarası hər hansı məhduddiyyətin qoyulması yolverilməzdir. Çünki bəşəriyyət insan üçün yaranıb və insanlar da müxtəlifdir. Dərisinin rəngindən, inancından asılı olmayaraq insanlar bərabərdir və onların arasında ayrı-seçkilik salmaq doğru deyil”.
Baş verənlər bu proseslərin səbəblərinin bəlli olduğunu deyən S.Novruzov qeyd edib ki, bu gün dövlətçilik tarixi yüzilliklərlə ölçülən ölkələr dağıdılır, onların təbii sərvətləri talanır:
“Bu ölkələrdə qarşıdurmalar, qanlı toqquşmalar yaradaraq onların sərvətlərini talayır, qədim tarxini, abidələrini, mədəniyyətlərini məhv edirlər. Həmçinin, bu ölkələrin vətəndaşları sığınacaq üçün müraciət edəndə, insan hüquqlarından, demokratiyadan dəm vuran Avropa dövlətləri qəbul etmirlər. Bu ədalətsiz yanaşma da bütün dünyada gərginliyə səbəb olur. Belə bir zamanda, ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünyaya bir mesajdır. Bu o deməkdir ki, İslamın adı terrorla bağlı olmamalıdır. Əksinə İslam hər zaman terrora qarşı olub. İslam həm idmana, həm mədəniyyətə, həm də bütün sahələrdəki inkişafa xidmət edən bir dindir”.
Azərbaycanda İslam Həmrəliyi Oyunlarının keçirilməsini çox mühüm və tarixi bir hadisə kimi dəyərləndirən millət vəkilinin fikrincə, dünyada baş verən bu proseslər fonunda bu möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi yalnız Azərbaycanın deyil, eləcə də, İslam dininın, onun mütərəqqiliyinin təbliğidir:
“Azərbaycan istər “Eurovision” mahnı müsabiqəsi, istər ilk Avropa Oyunları, istərsə də “Formula-1” yarışları vasitəsilə kifayət qədər təbliğ olundu. “Formula-1” yarışlarını yarım milyard insan izlədi. Burada isə Azərbaycanın mədəniyyəti, bütün sahələrdəki inkişafı, regionları, turizm imkanları nümayiş olundu. Avropa Oyunlarını isə bir milyarda yaxın insan izlədi, “Eurovision”da da həmçinin. Bu mahnı yarışmasında Hər bir musiqiçinin ifası zamanı müxtəlif regionlarımız, Qarabağ, onun gözəl guşələri, bizim mətbəximiz, musiqimiz də təbliğ olundu. Təbii ki, İslam Həmrəyliyi Oyunlarında da bunlar təbliğ olunacaq”.