Əddis-Əbəbə şəhərinin ən məşhur kinoteatrlarından biri olan “Adot Cinema”da ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı sənədli filmin nümayişi keçirilib.
Teleqraf.com xəbər verir ki, Filmin təqdimatı “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.
Tədbirdə Efiopiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, Afrika İttifaqı Komissiyasının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının əməkdaşları, ölkənin aparıcı media nümayəndələri və ölkəmizin ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən səfir Elman Abdullayev Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi altında aparılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının genişmiqyaslı fəaliyyəti barədə məlumat verərək, kampaniyanın Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda uşaqlara, qadınlara və yaşlılara qarşı törədilmiş vəhşiliklər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi önəm daşıdığını qeyd edib və Xocalıda törədilmiş bu cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.
Səfir E.Abdullayev 2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filminin dünyanın bir çox ölkələrində nümayiş olunduğunu bildirərək, bu filmin Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalı, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalı, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsinin müxtəlif mükaftlarına layiq görüldüyünü vurğulayıb.
E.Abdullayev Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı xüsusi amansızlıq və qəddarlıqla cinayətlərin törədildiyini qeyd edərək, artıq 14 ölkənin qanunverici orqanları tərəfindən Xocalı Soyqırımının tanıldığını qeyd edib. Cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirildiyini qeyd edən səfir Azərbaycanın 20% torpaqlarının hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələblərinin yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına geri dönə bilmədiklərini vurğulayıb. Səfir cinayətkarların cəzasız qalmayacaqlarını əminliklə ifadə edib.
Tədbirin sonunda qonaqlara müxtəlif dövlətlərin parlamentləri tərəfindən qəbul olunan Xocalı Soyqırımına dair qətnamələrdən ibarət sərgi təqdim olunub.