Teleqraf.com “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə müsahibəni təqdim edir.
- Zəlimxan bəy, hazırda Türkiyə ilə Avropa Birliyi ölkələri arasında münasibətlərin gərginləşməsini necə qiymətləndirirsiniz?
- Türkiyə uzun müddət Avropa Birliyinin qapısı ağzında gözlədi. İllərlə Türkiyənin prioriteti Avropa Birliyinə üzv olmaq idi. Amma qarşı tərəf insan hüquqları, demokratik islahatlarla bağlı şərtlər irəli sürürdülər. Türkiyə siyasi sistemi də bu şərtləri zaman-zaman həyata keçirirdi. Amma son dövrlər Avropa Birliyinin qadağası, Türkiyəyə qarşı ikili standartlardan çıxışı Ankaranı məcbur etdi ki, alternativlər axtarsın. Çünki dünyada ciddi hərbi qarşıdurmalar, Türkiyənin terrorla təhdid edilməsi, o cümlədən terror təşkilatlarına Avropa dövlətlərinin birmənalı olmayan mövqeyi təbii ki, Türkiyənin fərqli siyasət aparmasına gətirib çıxardı. Beləcə, Avropa Birliyinə qarşı bir kampaniya başladı və bu kampaniyanın təməllərində Avropa Birliyinin qeyri-səmimi münasibətinin təzahürü özünü büruzə verirdi. Baxmayaraq ki, mən Avrasiya zolağında Türkiyə kimi nəhəng dövlətin Avropa Birliyinə daxil olmasının tərəfdarıyam və gec-tez bu məsələnin müzakirəsi gündəmə gələ bilər. PYD, PKK ilə bağlı mövqelərdə fərqlilik Türkiyəni məcbur etdi ki, alternativ axtarışlarına çıxsın. Təbii ki, sonda da vəziyyət indiki situasiyaya gətirib çıxardı.
- Bir neçə gün əvvəl Türkiyə ilə Almaniya arasında bir gərginlik yarandı, Almaniyanın federal hökuməti AKP-yə imkan vermədi ki, burada yaşayan 1 milyon 400 min türklə görüş keçirsin. Sizcə, niyə?
- Mənim Almaniyada özəl kanallarla qaçqın düşərgəsində PKK-nın təbliğatının aparılması, o cümlədən ərəb dövlətlərindən gələn kürdlərin PKK-ya dəstək üçün hazırlanmasına dair informasiyam var. Mən də bu haqda ictimai çıxış etmişəm. Bu təbii ki, Türkiyənin də diqqətindən yayınmır. Türkiyənin milli təhlükəsizlik, ərazi bütövlüyü və onu təhdid edənlərə adekvat olmaqı istəyi təbiidir. Avropa Birliyi dövlətləri, o cümlədən də Almaniya Türkiyənin güclənməsi və bölgədə ciddi güc mərkəzinə çevrilməsində maraqlı görünmür. Ola bilsin ki, bu da xaç yürüşlərindən, Osmanlı dönəmindən qalan istəkdir. Mənim fikrimcə, Orta Şərq layihəsində zəif, idarə olunan və iddiasız Türkiyə modeli var. Yəni, bu bölgədə Türkiyənin güclü olması nəzəri cəhətdən terror mənbələrinin aradan qalxmasına, o cümlədən Türkiyənin ətrafında baş verən hərbi münaqişələrin daha dinc yolla həllinə gətirib çıxara bilərsə, buna müsbət yanaşmaq lazımdır. Amma təəssüflər olsun ki, bir sıra dövlətlər Türkiyənin zəifləməsində daha çox maraqlı görünürlər. Bu savaşdan Türkiyənin söz sahibi kimi çıxması Avropa dövlətlərinin dərin qatlarında arzu edilmir. Bu da Türkiyə ilə sərhəddə yerləşən Avropanın davranışlarıdır və sizə deyim ki, 80-cı illərdə də belə vəziyyət olub.
- Ancaq ilk baxışdan daha çox problemin Türkiyədəki referendumla bağlı olduğu görüntüsü var...
- Təbii ki, indi Türkiyənin referendum keçirərək siyasi sistemdə yeniləşmələr aparması nəzəri və praktiki baxımdan dövlətin daxili işi ola bilər. Ən azından siyasi sistemin necə olmasını xalqın özü müəyyən edəcək. Bundan Almaniya və ya Hollandiyanın narahat olması üçün əsaslar haradandır? Böyük Britaniya Avropa Birliyindən çıxmaq üçün referendum keçirib "hə" qərarı alanda, nədən Londonun üzərinə belə basqılar olmadı? Hesab edirəm ki, bunlar düşündürücü suallardır. Niyə hədəf olaraq Türkiyə götürülür? Mən siyasətdə etnik, dini faktorların arxa planda olduğunu düşünürəm, amma görünür ki, müəyyən mənada bu kimi tarixi faktorlar yaddan çıxmır. O mənadakı Türkiyənin bu qarmaqarışıq, müharibələrin hökm sürdüyü mərhələdən güclü çıxması, yeni hədəfləri, enerji daşıyıcıları üzərində nəzarət qazanması imkanları strateji olaraq həmin dövlətlərin maraqlarına cavab vermir. O cümlədən heç Rusiyanın da maraqlarına uyğun deyil. Biz təhlil edəndə görürük ki, bu gün Rusiya-Türkiyə müttəfiqliyi mövcud olsa da, əslində Moskva güclü Türkiyənin olmasında maraqlı deyil. Çünki Türkiyə Rusiya çevrəsində Orta Asiya türk dövlətləri, Azərbaycan var. Azərbaycanda inkarçı cərəyanlar var, amma onlar hara qədər inkişaf etsə belə, Türkiyə türk dövlətləri və müsəlman aləmi üçün örnəkdir, demokratiyası oturuşmuş cümhuriyyətdir. Həm də bizim varlığımızın qarantlarından biridir. Bu baxımdan Qafqaza yürümək, artıq paylar əldə etmək baxımından zəif Türkiyə Rusiyanın da, İranın da maraqlarına uyğundur. Bu savaşdan güclü Türkiyə çıxarsa, güneydəki milyonlarla soydaşlarımız üçün də fərqli situasiya yaranardı. Bu baxımdan güclü Türkiyə formulunda çoxlu ölkələrin maraqları təmin edilmir. Onları Türkiyənin zəifləməsi, parçalanması, iç savaşa sürüklənməsi, etnik zəmində qarşıdurmaların olması kimi formullar təmin edir. Amma Türkiyədə hakimiyyətin bir əldə cəmləşməsi bəzi formulları imkansız hala gətirir. Təbii ki, mən mütləq demokratik, güclü, sivil və mülkü cəmiyyətin tərəfdarıyam. Amma dünya dəyişir, diplomatiya arxa plana keçir və təəssüflər olsun ki, hərb ön olana çıxır. Sanki siyasətin yerini hərb tutur. Bax, bu mərhələdə Türkiyənin daha monolit, daha güclü və bir mərkəzdən idarə edilən modelinə ehtiyac duyuram. Görünür, indiki situasiyada Türkiyəni çoxpartiyalı sistemlə laxlatmaq imkanları geniş olduğu üçün yaxın 10 illik üçün belə modelə keçidə ehtiyac var. Və görünən odur ki, Türkiyənin güclənməsini istəməyən bəzi ölkələr bu modelə dirəniş göstərir.
- Hollandiya dövləti Türkiyə xarici işlər nazirinin təyyarəsinin Rotterdama enişinə imkan vermədi, habelə Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin konsulluğuna buraxılmadı, ondan dərhal ölkə sərhədlərini tərk etməsi tələb olundu. Bu aqressiv durumu necə qiymətləndirmək olar?
- Təbii ki, Hollandiyada, Almaniyada kompakt yaşayan, işləyən Türkiyə vətəndaşları var və həm də onların seçmək hüququ var. Onlar arasında seçki kampaniyasının aparılması təbiidir. Ancaq həm də əski dövrlərdən diplomatik normalar var. Bir dövlətin elçisinə, rəsmisinə toxunmaq yasaqdır, onun toxunulmazlıq hüququnu tanımaq ehtiramdır. Üstəlik diplomatlarla bağlı VİP xətt var. Bu xətdə dindirilmə, izahatlar alına bilər, danışıqlar aparıla bilər. Ancaq bunlar olmadan Türkiyə xarici işlər nazirinin təyyarəsinin enməsinə imkan verməmək həqarətdir, diplomatik normaların pozulmasıdır.
Xüsusilə, bir dövlətin xarici siyasət kursuna rəhbərlik edən şəxsə qarşı belə hərəkət anormaldır, Avropa dəyərlərinə ziddir, beynəlxalq hüquqa sayğısızlıqdır. Hollandiyanın nə işinə qalıb ki, Türkiyədə hansı siyasi sistem olacaq. Bu məsələ Türkiyə seçicisinin səsi ilə müəyyən ediləcək məsələdir. Bu sənin içini niyə yandırmalıdır ki, sən də Türkiyə dövlət rəsmisinə belə davranış nümayiş etdirirsən? Məncə, Avropa dövlətləri içərisində müəyyən zərərli cərəyanlar, bu cərəyanlar içərisində anti-türk ovqatı var. Onların seçki və siyasi platformasında Türkiyəyə bir həqarətli yanaşma var.
Qeyd edim ki, bu yaxınlarda mənim Avropaya səfərim oldu və duydum ki, orada əsassız olaraq qəribə bir xof var, türkfobiya hakimdir. Əlbəttə, bu haldan seçkilərdə istifadə edə, xaç yürüşlərini yada sala və insanları qorxuda bilərlər. Nəzərə alın ki, bununla paralel olaraq artıq XXI əsrdir, texnologiya, elm, insan beyni bu qədər inkişaf edirsə, dəyərlərə bu qədər xəyanət etmək olmaz. Sözsüz ki, Hollandiya dövlətinin təhlükəsizliyini təhdid edən hər hansı bir ehtimal vardısa, bunu Türkiyə rəsmi qurumları ilə diplomatik yolla çözə bilərdilər. Amma diplomatik sədləri aşaraq nümayişgarənə şəkildə Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin konsulluğuna buraxılmaması, ölkəni tərk etməsi haqda tələblər, xarici işlər nazirinin təyyarəsinin enişinə imkan verilməməsi Türkiyəyə, türkçülüyə bir həqarətdir. Çox xoflu tendensiyadır. Avropa məkanında Avrasiya zolağında belə qarşıdurmaya rəvac verilməsi məsuliyyətini Avropa dövlətləri, konkret olaraq Almaniya, Hollandiya və arxasınca Danimarka daşıyır. Bu gələcəkdə Avropa məkanında etnik zəmində qarşıdurmalar üçün əsas ola bilər. Mənə elə gəlir ki, çox təcili və təxirə salmadan diplomatik mexanizmlər işə düşməli, məsələnin çözümü tapılmalıdır.
Bu gün Mövlüd Çavuşoğluna edilən həqarət türklüyə, insanlığa, demokratiyaya qarşı olan həqarətdir. Biz bunu qınayırıq. Buna görə Hollandiya izahat verməli, üzr istəməlidir. Avropa Birliyinin, NATO-da olan ABŞ-ın mövqeyi çox önəmlidir. Fikrimcə, bu mövqe Türkiyənin yanında olan mövqe olmalı, eyni zamanda Hollandiyaya basqı olmalıdır. Bu cür davranışlar yolverilməzdir. Normalda Hollandiya türk vətəndaşlarına mitinq icazəsi verməyə bilərdi və bu onların haqqıdır, əsaslandıra bilərdilər ki, filan məsələyə görə, aksiya olmaz. Amma bir dövlətin baş diplomatının göydən yerə enməsinə imkan verməmək təhqiredici davranışdır. Belə şeylərə görə, hətta dövlətlər arasında müharibələr olub. Bunlar arzu edilən olmasa da, Avropanı daha ciddi gərginliyə sürükləyirlər. Fikrimcə, bu krizis diplomatik yolla həll edilməli, Türkiyənin nüfuzuna gələn zərər hansısa formada kompensasiya edilməlidir.
Nemət