“Reuters” agentliyi Misirin Liviya ilə sərhədinin bilavasitə yaxınlığında bir qrup Rusiya xüsusi təyinatlısını və dronlarını qeydə alıb. Bu haqda agentlik martın 14-də xəbər yaymışdı. Agentlik xüsusi təyinatlı qüvvələrin Misirin qərb hissəsindəki Sidi-Barrani aviabazasında yerləşdirildiyini bildirir. Bu aviabaza Liviya sərhədlərinə yaxındır. Məlumata görə ABŞ diplomatik dairələri Rusiyanın bu addımından çox narahat olub və hesab edir ki, məqsəd Liviyada general Halif Haftarın başçılıq etdiyi üsyançı qüvvələri dəstəkləmək, BMT-nin dəstəklədiyi milli birlik hökumətini devirmək və Qəzzafinin keçmiş silahdaşı olan Haftarı hakimiyyətə gətirmək səyləri ilə bağlıdır.
Misirin xüsusi xidmət orqanları bildirib ki, söhbət 22 Rusiya xüsusi təyinatlısından gedir, lakin onların həmin aviabazada yerləşdirilməsinin məqsədi açıqlanmır. Bununla belə qeyd olunur ki, fevralın əvvəllərindən etibarən Rusiya Misirin Mersa-Matrux rayonunda yerləşən digər hərbi bazadan istifadə edir.
Rusiya Müdafiə Nazirliyi Misirdə xüsusi təyinatlıların yerləşdirilməsi barədə xəbərə şərh vermir. Misir hakimiyyəti isə ölkə ərazisində rus hərbçilərinin olduğunu inkar edib.
Lakin Rusiyanın Suriyada Bəşər Əsəd rejimini xilas etməkdən və orada hərbi mövqelərini möhkəmləndirməkdən, habelə daha geniş Yaxın Şərq regionunda siyasi mövqelərini gücləndirməkdən ruhlanaraq Liviyaya da girmək səyləri barədə çoxdan məlumdur. BMT-nin dəstəklədiyi milli birlik hökumətinə qarşı döyüşən general Halif Haftar bir müddət əvvəl Aralıq dənizində Rusiya təyyarədaşıyanı “Admiral Kuznetsov”un göyərtəsinə dəvət olunmuşdu və orada rus hərbi komandanları ilə danışıqlar aparıb.
Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev isə hesab edir ki, Rusiyanın Liviyaya qoşun yeritməsi ağlabatan deyil. Onun fikrincə, Liviyada durum mürəkkəb olmaqla yanaşı Suriyadan fərqlidir və həm də aydındır: “Liviyada barış konseyinə daxil olan ölkələr İtaliya, Almaniya, İngiltərə, Fransa və Amerikadır. Liviya uzun müddət İtaliyanin yarimmüstəmləkəsi olub. Üstəlik Liviyada iki milyona yaxın ərəbləşmiş türk kompakt halında yaşayır. Onların Türkiyə ilə çox yaxın və sıx əlaqələri var. General Haftarla bağlı birmənalı fikir yoxdur. Haftar fərarilik edərək uzun müddət Amerikanın himayəsində yaşayıb. Liviya inqilabından sonra isə ölkəyə dönüb. Hakimiyyət parçalandıqdan sonra bir qrup deputatla Misirin sərhəddində yerləşib və özünü hökumət elan edib. Amerikadan cüzi dəstək alib və eyni zamanda qaçaqmalçiliq yolu ilə Rusiya tərəfindən qismən yardımla təmin edilib. Liviyanin mərkəzi hökuməti isə paytaxt Tripolda yerləşir. Rusiyanin Liviyadaki əsas hədəfi neft hasilatinin artirilmasina nail olmaqdir. Etiraf olunmalidir ki, Rusiya kəşfiyyatı Liviyada özünü yaxşı hiss edir. Bununla belə əgər Rusiya Liviyaya ordu yeridərsə, bunun nəticələri pis olar. Ən azından Amerika, Avropa və Türkiyə ilə təkrar ziddiyyətə girmiş olar. Fikrimcə, belə bir vəziyyətin yaranması indiki məqamda Rusiyanın maraqlarına və xeyrinə olmaz”.
Cavad