6 Aprel 2017 16:29
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu bildirildi, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları ilə əməkdaşlığının önəmi vurğulandı, Azərbaycanın Stavropol vilayəti üçün ticarət və iqtisadi əməkdaşlıq baxımından ən vacib tərəfdaş ölkə olduğu qeyd edildi.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirakından məmnunluğunu ifadə etdi. Stavropol vilayətinin Beynəlxalq Turizm və Səyahətlər Sərgisində bir neçə dəfə iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev ötən dövr ərzində Stavropol vilayətində turizmin daha da inkişaf etdiyini əminliklə bildirdi.

Turizmin cəlbedici investisiya sahəsi olduğunu vurğulayan Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov rəhbərlik etdiyi vilayətdə artıq 5 sanatoriyanın inşasına başlanıldığını və bu layihələrdən birinin Azərbaycandan olan investorlar tərəfindən həyata keçirilməsini məmnunluqla vurğuladı. Vladimir Vladimirov bildirdi ki, Rusiyanın Baş naziri Dmitri Medvedev Stavropolda olarkən həmin sanatoriyanın inşasını yüksək qiymətləndirdi və Kislovodskda növbəti bir layihənin azərbaycanlı investorlara həvalə edilməsi ilə bağlı tapşırıq verdi.

Azərbaycanlı investorlar tərəfindən həyata keçirilən bu layihələrin yüksək səviyyədə icra olunduğunu vurğulayan Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirdi.

Söhbət zamanı yeni inşa olunan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Stavropoldan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çatdırılmasının əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Rusiyanın Stavropol vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən turizm sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğu qeyd edildi.


Müəllif:

Oxşar xəbərlər