18 Aprel 2017 21:49
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzeyir Cəfərov: “Birləşmə səviyyəsində keçirilən təlimlərdə iştirak etməmiş əsgər və zabitlər də bura cəlb olunublar”

Aprelin 16-dan etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdirilir. Qəbul edilmiş qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunur. Təlimlər aprelin 21-dək davam edəcək.

Bəs, budəfəki hərbi təlimlər əvvəlkilərdən hansı cəhətlərinə görə fərqlənir? Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri sonuncu dəfə 2016-cı il noyabrın 12-dən 18-dək təlimlər keçirib: “Həmin təlimlərə Azərbaycan Silahlı Qüvvələrinin 60 min şəxsi heyəti, yüzlərlə ağır döyüş texnikası və səfərbərlik resursları cəlb olunmuşdu. 2017-ci il üçün təsdiq olunmuş plana əsasən təlimə 30 min şəxsi heyət, 250 ağır texnika, artilleriya qurğuları və digər avadanlıqlar cəlb olunub. Budəfəki təlimlərin özəlliyi ondadır ki, ilk dəfə yeni silahlardan istifadə olunur. Onların döyüş şəraitində özünü göstərmə bacarığı və qabiliyyəti yoxlanılır. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri ilk dəfə olaraq çətin relyef, yəni dağlıq və süni yaradılmış maneələr şəraitində onları dəf edir, şərti düşmənin mövqelərini zərərsizləşdirmək və digər tapşırıqları icra edirlər. Yəni, sonuncu təlimdən indiyədək xeyli yeniliklər var. Həm silah-sursat baxımından yeniliklər var, həm də şəxsi heyətin tərxis olunaraq ehtiyata buraxılan üzvləri aprelin 21-dək səfərbərlik proqramı çərçivəsində bu təlimlərdə yenidən vaxtilə xidmət etdikləri hərbi hissələrə cəlb olunublar. Təlimlərin bir özəlliyi də ondadır ki, ilk dəfə tabor və briqada təlimlərində iştirak etmiş, lakin birləşmə səviyyəsində keçirilən təlimlərdə iştirak etməmiş əsgər və zabitlər də cəlb olunublar”.

Ü.Cəfərov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu təlimləri planlaşdıranda adətən müvafiq hazırlıq işləri görür və ölkədə akkreditə olunan hərbi attaşelər və digərləri bununla bağlı məlumatlandırılırlar: “Sadəcə, Ermənistan tərəfi bu təlimlərdən o qədər təşviş keçirir ki, bunun nəticəsi olaraq təcavüzkar ölkənin müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri çox absurd və gülünc bəyanatla çıxış edib. O bildirib ki, guya onlar təlimlərlə bağlı ATƏT-ə şikayət edəcəklər. Guya Azərbaycan keçirdiyi təlimlərlə beynəlxalq hüququn hansısa norma və prinsiplərini pozur. Bu, növbəti erməni həyasızlığıdır. Çünki ermənilər özləri Azərbaycanın Ağdam rayonunun Uzundərə adlanan ərazisində hərbi təlimlər keçirirlər. Onlar Azərbaycan ərazisində yeraltı və yerüstü sərvətləri dağıtmaqla – vandalizmlə məşğuldurlar. Orda olan-qalan infrastrukturu belə məhv edirlər. Onsuz da evlər dağıdılıb, orda yaşayış üçün yararlı heç nə yoxdur. Təcavüzkar ölkənin keçirdiyi hərbi təlimlər zamanı onlar orda qalan belə deyək, qalıqlara qarşı da çox böyük vəhşiliklər edirlər. Ağır texnika orda istədiyi kimi hərəkət edir. Amma Azərbaycan Silahlı Qüvvələri dağlıq, çətin keçilən ərazilərdə üzərinə düşən tapşırıqları yerinə yetirir və mən inanıram ki, bu təlimlər bir gün real döyüş əməliyyatlarına çevriləcək. Bu da birbaşa ali baş komandanın, ölkə rəhbərliyinin qərarından asılı olacaq. Amma ordu buna tam şəkildə hazırdır. Həm, yeni silahlarımız var, həm də bu arada istifadə olunmuş silahlara baxış keçirilib, onlar döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmin silahlar da təlimlərdə istifadə olunur”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər