Bunu Dövlət Əmək Müfəttişliyi Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri Azər İsmayılov Teleqraf.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, məlumat alan müfəttişlik əməkdaşları dərhal hadisə yerinə yollanıblar: “Araşdırma zamanı məlum olub ki, "Bakı-inşaat" MMC-nin əmək müqaviləsi ilə işləyən işçisi fasadda çalışarkən yıxılaraq ölüb. Müəssisənin müraciəti əsasında təhqiqat komisiyası yaradılıb. Komissiya hadisənin səbəbini müəyyənləşdirəcək.
Əmək Məcəlləsinə edilmiş 2-ci əlavənin tələblərinə görə, tikinti sahəsində küləyin gücü 6 baldan yuxarı olduqda iş dayandırılır.
Təhqiqatın gedişində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə müraciət edəcəyik. Onlardan aprelin 25-də küləyin sürəti barədə rəsmi məlumatı öyrənəcəyik. Əgər məcəllədəki norma keçilibsə, işəgötürənə qarşı müəyyən tədbirlər görüləcək”.
Qeyd edək ki, bu gün Rixard Zorge küçəsindəki tikintidə bədbəxt hadisə qeydə alınıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, hava küləkli olduğu üçün fəhlə müvazinətini itirib və yuxarı mərtəbədən yıxılaraq ölüb. Binanın fasadına quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan fəhlə təcili yardım gələnə kimi dünyasını dəyişib.
Şəfiqə Nazimqızı