4 May 2017 13:06
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəvəm həkimin səhvi ucbatından öldü.

Bunu Teleqraf.com-a açıqlamasında mayın 3-də Masallı rayonunun Musaküçə kəndində sünnət olunan zaman həyatını itirmiş Kənan Abutalıbovun babası Qardaş Hüseynov deyib.

Qardaş Hüseynovun sözlərinə görə, o özü uşağın xəstəxanada sünnət edilməsini istəyib, amma həkim Ramiz Sadıqov əməliyyatı evdə aparmağı məsləhət görüb: “Biz də etiraz etmədik. Sünnət olunanda uşaq qorxurdu, mən onun yanında qalmaq istədim, ancaq həkim məni çölə çıxartdı. Otaqda heç kimin qalmasına razı olmadı, uşağın üstünə qışqırdı. Uşaq da qorxdu, həkim iynə vurub, sünnət elədi. Sonra uşağı götürüb maşına mindi, nə qədər etsək də, bizə imkan vermədi.

Uşağı özü maşınla xəstəxanaya apardı. Həkim uşaq qucağında 4 xəstəxana gəzib, özünün işlədiyi özəl klinikaya aparıb, orada aparat olmadığına görə uşağa kömək edə bilməyiblər”.

Qardaş Hüseynov qeyd edib ki, mayın 4-ü Kənanın ad günü imiş.

Məsələ ilə bağlı Ramiz Sadıqovunun həyat yoldaşı Xatirə Sadıqova Teleqraf.com-a danışıb. Telefon zənginə cavab verən Xatirə Sadıqova uşağın ürəyində qüsur olduğunu deyib: “Ramiz bilə-bilə uşağı öldürməyib ki? Həyat yoldaşım deyib, uşağı xəstəxanaya gətirin, aparmıyıblıar. Babası deyib, imkanım yoxdur, Ramiz də deyib, Allah rızası üçün gəlib əməliyyat edərəm”.

Xatirə Sadıqova qeyd edib ki, 40 idir Ramiz sünnət əməliyyatı edir: “İlk dəfədir bu cür hadisə baş verir. Birdən-birə belə olmaz ki? Uşaq xəstə imiş”.

Kənan Hüseynovu əməliyyat edən həkim Ramiz Sadıqov Publika.az-a uşağın babasının sözləri ilə razı olmadığını deyib: “Mən 40 il həkim işləmişəm, illərdir uşaqları sünnət edirəm, ancaq ilk dəfədir belə hal olur.

4-5 gün əvvəl uşağın babası sünnət etdirmək üçün mənə zəng etmişdi. Ona məsləhət gördüm ki, uşağı aparıb özəl klinikada sünnət etdirək. Mən təqaüddəyəm, heç yerdə işləmirəm. Amma hər hansı özəl klinikaya gedib, sertifikatımı təqdim edib, sünnət edə bilərdim. Lakin ailə razı olmadı, evdə olmasını istədilər. Sonra öyrəndim ki, imkanları olmadığına görə razı olmayıblar.

Əməliyyat vaxtı da babası və bir nəfər də başqa bir adam yanımızda idi. Mən onları otaqdan çıxartmadım. Sadəcə, uşaq çox ağlayırdı, dedim ki, sakitləşməsə babasını çölə çıxaracam. Lakin uşaq sakitləşmirdi. Sünnət vaxtı ancaq keyidici spreydən istifadə etmişəm, sakitləşdirici vurmamışam. Birdən-birə uşağın halı pisləşdi. Onu maşınımla Masallı rayon Mərkəzi Xəstəxanasına apardım. Uşağa bütün reanimasion tədbirlər görüldü, amma onu həyata qaytarmaq mümkün olmadı. İndi tibbi ekspertiza ölümün səbəbini araşdırır”.

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər