09:00
Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km. dərinlikdə olub".
Bir dəqiqə sonra isə Azərbaycanın daha bir neçə rayonunda zəlzələ baş verib.
Məlumata görə, yeraltı təkanlar Göyçay, Salyan və Biləsuvar rayonlarında təqribən 4 bal gücündə hiss olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
***
10:01
"Bu gün səhər saat 07:24-də Saatlı rayonunda qeydə alınan zəlzələdən sonra həmin ərazidə maqnitudası 2.9 olan daha bir zəlzələ olub".
Teleqraf.com-un məlumatına görə, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
O bildirib ki, zəlzələdən sonra avtoşoklar həmişə olur: "Səhərki zəlzələdən sonra maqnitudası 2.9 olan daha bir zəlzələ qeydə alınıb. Amma zəlzələnin dərinliyi çoxdur deyə hiss olunmayıb. Daha iki-üç təkanın olması gözlənilir. Çünki səhər baş verən zəlzələ çox da zəif deyildi".
Baş direktorun sözlərinə görə, zəlzələ nəticəsində hər hansı dağıntı və tələfatın olması ilə bağlı informasiya yoxdur: "Bunun üçün həmin ərazilərə baxış keçirmək lazımdır. Episentrdə zəlzələ 5 bala yaxın olsa da, orada yaşayış məntəqəsi yoxdur".
Qurban Yetirmişlinin sözlərinə görə, belə zəlzələnin olması o demək deyil ki, ölkə ərazisində seysmoloji aktivlik var: "Ölkə ərazisində daim təkanlar qeydə alınır, onların arasında nisbətən güclüsü, hiss olunanı da olur".
***
Saatlıda hər şey qaydasındadır.
Bu sözləri Saatlı Rayon İcra Hakimiyyətindən başçının köməkçisi Zaur Əsədov Teleqraf.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə heç bir dağıntı, tələfat qeydə alınmayıb: “Zəlzələ baş verən ərazi yaşayış məntəqələrindən uzaq olduğu üçün heç bir dağıntı, tələfat qeydə alınmayıb. İnsanlar narahatlıq keçirməyib”.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km dərinlikdə olub.
Şəfiqə Nazimqızı