18 May 2017 10:36
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Ərdoğanın ABŞ səfəri zamanı bu ölkənin Vaşinqtondakı səfirliyi qarşısında baş verən hadisəni Amerika polisi araşdırmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Vaşinqton polisi, Dövlət Departamenti və Məxfi Xidmət hadisə ilə bağlı birgə araşdırma aparır. ABŞ Dövlət Departamenti artıq türk təhlükəsizlik personalının hadisə zamanı prosesə müdaxilə etməsindən narahat olduğunu Türkiyə hökumətinə bildirib.

Amerika mediası bu olayı gündəmə gətirdikdən sonra Vaşinqton Polisi məcbur olub olaya şərh verib. Polisdən qeyd ediblər ki, Türkiyə səfirliyi qarşısında şahid olduqları hadisə ABŞ Konstitusiyasının birinci maddəsi - sülh şəraitində etiraz azadlığı, ifadə özgürlüyünə uyğundur. Bu səbəbdən də Amerika polisi hesab edib ki, Türkiyə tərəfinin PKK deyə müdaxilə etdiyi qrupun etiraz etmək azadlığı var.

ABŞ qanunlarına əsasən, bu ölkəyə səfər edən liderlərin mühafizəçilərinin də diplomatik toxunulmazlığı var. Ancaq mühafizəçilər öz vəzifə səlahiyyətlərini aşan hərəkətlərə yol verdikdə və bu, təsbit olunduqda Dövlət Departamenti onların diplomatik toxunulmazlığını ləğv edə bilər. Toxunulmazlığı ləğv edilən istənilən şəxs bir də mühafizəçi vəzifəsində ABŞ-a daxil ola bilməz. Xüsusi səyahət və ya turist kimi Amerikaya daxil olarsa, bu zaman onlar haqqında məhkəmədə iddia qaldırıla bilər.

Xatırladaq ki, Prezident Ərdoğanın ABŞ səfəri zamanı bir qrup PKK tərəfdarı Vaşinqtondakı Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirib və bu zaman təhqir və söyüşlər yağdırıblar. Bu isə Ərdoğanın səfərini dəstəkləyən və səfirlik önünə doğru hərəkət edən türklərin etirazına səbəb olub. Nəticədə qarışıqlıq düşüb. Hadisəyə səfirliyin təhlükəsizlik personalı və prezidentin mühafizəsini təşkil edən mühafizəçilər də müdaxilə edib.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər