00:00
Azərbaycanda zəlzələ baş verib.
Teleqraf.com xәbәr verir ki, yeraltı təkanlar ölkənin Qərb və Mərkəzi Aran rayonlarında hiss olunub.
Zəlzələnin gücü, episentri barədə rəsmi məlumat yoxdur.
***
00:35
Respublika Seysmoloji Mərkəzi zəlzələ ilə bağlı rəsmi açıqlama yayıb.
Xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:48-də Ağdam ərazisinde zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
***
01:24
Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində Ağdam rayonuna ciddi ziyan dəyib.
Rayon icra hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində rayonun Üçoğlan kəndində kənd sakini Səfərova Zəhra Göyüş qızına məxsus bir mərtəbəli 3 otaqlı daş ev tam uçub.
Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Kəndərazisində onlarla evdə böyük çatlar əmələ gəlib.
Zəlzələ nəticəsində rayonun Quzanlı kəndində elektrik transformatoru partlayıb və qəsəbə işıqsız qalıb.
Məlumatda bildirilir ki, zəlzələ nəticəsində rayonun bir çox yaşayış məntəqələrində evlərdə iri çatlar yaranıb.
Hazırda Ağdam rayon İcra Hakimiyyətində zəlzələ ilə bağlı xüsusi komissiya yaradılıb və zədələnən evlərə baxış keçirilir.
***
09:41
Dünən gecə Ağdamda baş verən zəlzələdən sonra kiçik təkanlar qeydə alınır.
Bunu Trend-ə AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, dünən gecə Ağdamda baş verən zəlzələdən sonra enerji boşalması baş verir.
Q.Yetirmişli əlavə edib ki, həmin zəlzələ fəsadlar törədə bilən zəlzələ deyildi:
“Yerin 25 km dərinliyində olan və o gücdə olan zəlzələ dağıdıcı gücə malik deyil. Bizim Ağdamda olan seysmik stansiyamız episentrdə yerləşir. Stansiyada adi çat da əmələ gəlməyib. Normal tikililərlədə bu zəlzələ heç bir fəsadlar törədə bilməzdi. Kənd yerində zəif divar, tövlə tikirlər, onlarda çatlar əmələ gələ, lap divar tökülə də bilər. Amma normal tikililər üçün heç bir qorxu yoxdur”.
O həmçinin qeyd edib: "Balı binalardakı fəsadlarla qiymətləndirirlər. Orada 5,7 balı biz Rixter şkalası ilə veririk. Əslində o biri şkala ilə bu 5,1-dir. Həmin zona üçün ən güclü zəlzələ budur. Əgər bu zəlzələ lap səthi olsaydı - Yerin 3-6 km-liyində onda fəsadlar törədə bilərdi".
Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.
Digər təkan isə saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.
***
Dünən gecə baş vermiş zəlzələ nəticəsində Ağdam rayonu ərazisində zərər çəkmiş tikililər haqqında ilkin məlumat verilib.
Teleqraf.com-a açıqlamasında Ağdam rayon icra hakimiyyəti başçısının müavini Eldəniz Abdullayev bildirib ki, 140 evdə, bir məktəb binasında çatlar əmələ gəlib: “Çəmənli kəndində 36, Əfətli kəndində 3, Zəngişanlı kəndində 1, Xındırıstan kəndində 10, Quzanlı qəsəbəsində 3, Üçoğlan kəndində 4 (bir ev uçub), Qərvənd kəndində 5, Birinci dörd yol qəsəbəsində 44, Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 evdə çatlar yaranıb, 200 yerlik məktəb binası demək olar ki, yararsız vəziyyətə düşüb”.