5 Dekabr 2017 12:19
3 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində intihar etmiş Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti hələ də ailəsinə təhvil verilməyib.

Teleqraf.com xəbər verir ki, dekabrın 3-də, axşam saxlandığı 3 saylı ixtisaslaşdırılmış müalicə müəssəsində inihar edən Hacı Məmmədovun meyiti iki gündür Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsində saxlanılır.

Şöbdən bildiriblər ki, Hacı Məmmədovun meyiti ailəsinə verilməsi üçün hazır olsa da, ailə onu təhvil götürmək üçün müraciət etməyib.

Şöbənin qarşısında polis postu qurulub, ərazi nəzarət edilir.

Qeyd edək ki, Hacı Məmmədovun bacısı bildirib ki, meyiti götürmək üçün bu gün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə müraciət edəcəklər. O qeyd edib ki, əvvəlcə Hacı Məmmədovu Saray qəbiristanlığında dəfn etməyi düşünsələr də, sonradan onu Yasamal qəbiristanlığında dəfn etmək qərarına gəliblər.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.

Hacı Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

Zakir Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.

Rəsmi məlumata görə, Hacı Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində dekabrın 3-də özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

Hacı Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb.

Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulmuşdu.

***

Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilib.

Teleqraf.com-un məlumatına görə, meyiti müayinə olunduğu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən yaxınları götürüb.

Meytin təhvil verilməsindən oradakı jurnalistlərin xəbəri olmayıb.

Hacı Məmmədovun harada dəfn olunacağı bilinmir.

***

12:04

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsininin binası qarşısında dayanan polis qrupuna şobədən bildirilib ki, Hacı Məmmədovun nəşi ailəsinə gecə saatlarında təhvil verilib və meyit artıq dəfn edilib.

Polis jurnalistlərə burdan getməyi məsləhət görüb: "Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin rəisi Tahir müəllim dedi ki, artiq Hacı Məmçədovun meyiti burada deyil".

Hacı Məmmədovun vəkili Afət Qazıyeva Hacı Məmmədovun dəfn olunduğu xəbərini təsdiqləyib: "Onun hansı qəbiristanlıqda dəfn edildiyini deməyəcəm. Ailənin istəyi ilə yas mərasiminin keçirildiyi ünvan da açıqlanmır".

Yasamal qəbiristanlığının adminstratoru bildirilib ki, bu gecə və ya səhər saatlarında Hacı Məmmədovun nəşı bura gətirilməyib. Gecə saatlarında qəbristanlıqda heç kim dəfn ediıməyib: "Səhər qəbiristanlıqda dəfn mərasimi keçirilsə də, onların arasında Hacı Məmmədov yoxdur. Hacı Məmmədov Saray qəsəbə sakinidir, ola bilsin, orada da dəfn olunub".


Müəllif: Hacı Zeynalov