2015-ci ilin avqust ayı idi. Təhsil məsələləri ilə bağlı İstanbula gəlmişdim. Marmara Universitetinin əməkdaşı, həmyerlimiz Mehdi Gəncəlinin müsafiri idim. Mənim Azərbaycan mühacirət tarixi ilə bağlı çalışmalar apardığımı bildiyi üçün maraqlı bir şəxslə görüşdürəcəyini dedi.
Tektaş Ağaoğlunu beləcə tanıdım.
İstanbulda Məcidiyəköydə yerləşən evində baş tutan ilk görüşümüzlə bağlı təəssüratımı o zaman “Naşir” jurnalında, daha sonra “Mühacirlərin dönüşü” kitabımda yayımladım.
2016-cı ilin sentyabr-oktyabr aylarında isə Tektaş bəylə daha iki dəfə görüşdüm. Bu görüşlərlə bağlı təəssüratımı “Birlik” dərgisində və Teleqraf.com-da yayımladım. Son görüşlər daha məhsuldar oldu. Həm Tektaş bəydən mühüm bilgilər, həm də kitablarımda istifadə edəcəyim materiallar əldə etdim.
Həmin görüşlə bağlı yazmadığım maraqlı xatirələr vardı.
Belə ki, sentyabr ayında ikinci dəfə görüşərkən Tektaş bəy atası Səməd bəy xəstələndiyi zaman bibilərinin “dovğa” adında isti şorba hazırladığını, uzun zaman keçsə də, o dadı unutmadığını söylədi. İstanbulda “dovğa” tapmaq çətin olduğuna görə əlimiz çatan hər kəsə söylədim. Nəhayət, burada yaşayan dostlarımızdan Şəbnəm xanım bu vəzifənin öhdəsindən layiqincə gələcəyini dedi. Tektaş bəyin bu istəyini yerinə yetirə bildik.
Amma onun mühüm arzusunu, təəssüf ki, bizdən asılı olmayan səbəblərdən həyata keçirə bilmədik.
Baş tutmayan görüş
Bildiyiniz kimi, Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadə möhkəm dost olublar. Onların Bakıda başlayan bu dostluğu İstanbulda da davam edib. Əhməd bəy ən çətin günlərində övladlarını Əli bəyə əmanət edib. Onların bu dostluğu ilə bağlı hörmətli alimimiz Vilayət Quliyevin çox dəyərli araşdırmaları var. Bu münasibəti bildiyimə görə, Tektaş bəydən Əli bəyin qızı Feyzavər xanımı tanıyıb-tanımadığını soruşdum. Çox yaxşı tanıdığını, onunla görüşmək istədiyini dedi. Mehdi bəylə düşündük ki, bu iki dostun varislərini mütləq bir araya gətirmək lazımdır. Hər ikisi İstanbulda yaşasa da, həm səhhətlərinə görə, həm də müxtəlif səbəblərdən bir araya gələ bilmirlər. Demək ki, bu öhdəliyi ancaq biz həyata keçirə bilərdik.
Həmin ərəfədə Mehdi bəyin Bakıya təyinatı çıxdı, mənim də universitet həyatım başladığına görə məcbur olaraq görüşün təşkilini təxirə saldıq. Bu il sentyabrda yay tətilindən sonra yenidən İstanbula gəldiyim zaman Tektaş bəyə həm müsahibəsinin yayımlandığı kitabdan, həm də jurnallardan gətirmişdim. Daha rahat bir vaxtda görüşüb yenidən müsahibə almağı, hal-əhval tutmağı düşünürdük.
Yanvarın 9-u axşam bir kafedə Mehdi bəylə söhbət edərkən Tektaş bəylə görüşün vaxtını müzakirə etdik. Bir neçə gün içərisində ailə ilə danışıb vaxt təyin edəcəkdik. Sən demə, biz görüş vaxtını müzakirə edərkən artıq Tektaş bəy müalicə olunduğu xəstəxanada vəfat edibmiş...
Xəbəri səhər üzü öyrəndim. Ağaoğlu ailəsinin dəyərli nümayəndələrindən Yeşim xanım mesaj yazaraq bu acı xəbəri vermişdi. Həmin an məni ən çox kədərləndirən Feyzavər xanımla görüşdürə bilməməyimiz oldu...
***
Tektaş Ağaoğlu babası və atasından fərqli olaraq sosialist dünyagörüşə sahib olub, Türkiyə Sosialist İşçi Partiyasında təmsil olunub. 1934-cü ildə İstanbulda doğulub, 1956-cı ildə Oksford Universitetinin hüquq fakültəsini bitirib. Türkiyədə hərbi çevrilişlər dönəmində həbs edilib, bir müddət Avropada yaşamağa məcbur olub.
Dostoyevski, Şoloxov kimi rus müəlliflərin əsərlərini türk dilinə qazandırıb, uzun müddət sol görüşlü dərgilərdə yazılar yazıb, redaktorluq edib.
Fəaliyyəti boyunca kökləri, babasının Azərbaycandan gəlməsi ilə bağlı yazılar yazmasa da, bizimlə son görüşündə bu mövzuya çox maraq göstərdiyini dedi. Xüsusilə, Əhməd bəyin də babalarının vaxtilə Ərzurumdan Qarabağa köçməsi məsələsini soruşdu. Ailəsinin tarixi ilə bağlı qaynaqlar əldə etməsində kömək etməyimizi istədi. Hətta kiçik dəftərçə də göstərdi, ailəsi haqqında kitab yazmaq istədiyini bildirdi. Təəssüf ki, bu arzusu həyata keçmədi.
***
“Cümhuriyyət” qəzetində cənazə namazanın tarixini öyrənib Nişantaşı səmtində yerləşən Teşvikiye məscidinə doğru yol aldıq. Günorta namazına bir saat vaxt qaldığı üçün son mənzilə uğurlamağa kimlərin gəldiyi ilə maraqlandım. Ailədən Yeşim Ağaoğlu ilə görüşdüm. O, məni tanımadığım digər ailə üzvləri ilə görüşdürdü. Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev də cənazə mərasimində iştirak edirdi. O, Tektaş Ağaoğlunun oğlu Əhməd Ağaoğluna başsağlığı verdi, azərbaycanlıların hər zaman Ağaoğlu ailəsinin adını ehtiramla çəkdiyini bildirdi.
Konsulluq tərəfindən çələng də göndərilmişdi.
Böyük mütəfəkkir Əhməd bəyin adını daşıyan Tektaş bəyin oğluna başsağlığı verdim. Daha sonra fürsət olmayacağına görə, atası haqqında müsahibənin yer aldığı “Mühacirlərin dönüşü” kitabını təqdim etdim. Əhməd bəy Azərbaycan türkcəsində oxuya bildiyini, ailəni ziyarət etməyimizdən xəbərdar olduğunu bildirdi.
Cənazə mərasimində İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp, Azərbaycanın İstanbuldakı media təmsilçiləri də iştirak edirdi.
***
Günorta azanı səsləndikdən sonra mərhumun nəşi məscidə gətirildi. Tektaş bəyin vəsiyyətinə uyğun olaraq əqidədaşları tabutu qırmızı örtüyə bürüdülər. Cənazə namazından sonra molla Tektaş Ağaoğlunun Türkiyənin tanınmış yazarlarından olduğunu, hər kəsin bu dünyanı tərk edəcəyini, amma yazılan əsərlərin, fikirlərin insan öldükdən sonra da var olacağını bildirdi, şeir misraları ilə fikrini tamamladı. Ardınca mərhum alqış sədaları altında Feriköy İslam Məzarlığında yerləşən ailə qəbiristanlığında dəfn edilmək üçün uğurlandı.
***
Bələdiyyənin avtobusu ilə Feriköy məzarlığına yollandıq. Mənə tanış olan cığırlarla Ağaoğlu ailəsinin məzarı başına getdim. Mərhum anası Nəriman Ağaoğlunun məzarında dəfn ediləcəkdi. Yəni Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri Xəlil bəy Xasməhəmmədli ilə “qonşu” olacaqdı.
Mərhumun ruhuna Fatihə oxunduqdan sonra nəşi torpağa əmanət edildi. Məzarın daşla örtülməsi ilə Ağaoğlular ailəsinin bir tarixi də qapanmış oldu. Məzara torpaq tökərkən 1909-cu ildə Əhməd bəy Ağaoğlunun vətəni necə tərk etməsini, Türkiyədəki mücadiləsini, Nuru paşanın müşaviri kimi Azərbaycana sonuncu dəfə gəlməsini, Malta adasındakı sürgün illərini, Səməd Ağaoğlunun Demokrat Partiya dönəmindəki fəaliyyətini, 1960-cı il hərbi çevrilişi ilə məhkum edilməsini düşündüm. Bu mühüm tarixə şahidlik edən şəxs artıq aramızda yox idi...
Dəfn bitdikdən sonra məzara çiçək düzüldü, sosialist yoldaşları məzarın üstündə çıxış etdilər, “İnternasional” marşını oxudular. Bu da qəribə bir tale idi.