Azərbaycandan İrana keçmək istəyən 7 Özbəkistan vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, yanvar ayının 18-də dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu istiqamətində sahildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) müşahidə olunub, buya baxış zamanı 1 ədəd bağlamada 980 qram marixuana, 1415 qram həşiş aşkar olunub.
Yanvar ayının 26-da daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlanmış vəziyyətdə qəhvəyi rəngli kisədə salofan materiala bükülmüş 2 ədəd bağlama aşkar olunub. Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub.
Yanvar ayının 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasının saxta vizaları ilə Azərbaycandan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.
Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.