Türkiyənin Baş naziri Binəli Yıldırım Dağlıq Qarabağın azad edilməsi uğrunda qazi olmuş leytenant Kamil Musəvi ilə görüşüb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Musəvi keçdiyi döyüş yolu ilə bağlı Yıldırımı məlumatlandırıb və Türkiyə baş nazirini Bakıda görməkdən qürur duyduğunu bildirib.
Musəvinin “Ayaqsız, gözsüz yaşamaq olar, ancaq vətənsiz mümkün deyil” sözlərinə Yıldırım belə cavab verib:
“Nə qədər ki, bu eşq var, heç kim bizə zərər verə bilməz, leytenant Kamil Musəvi!”
Yıldırım Musəvinin Afrinə getmə istəyinə “Qardaşların, böyük qardaşların Afrində dastan yazırlar”, - sözləri ilə qarşılıq verib.
Görüşün sonunda Binəli Yıldırım Kamil Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından yaradılan plaket və təsbeh hədiyə edib.