9 İyul 2018 15:57
2 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Qubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir: "Kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb".

***

15:14

“Quba Palace Hotel”in marketinq şöbəsinin müdiri Ceyhun Yəhyayevin Publika.az-a verdiyi məlumata görə, hadisə “SCADA” şirkətinin əməkdaşlarının ehtiyatsızlığı səbəbindən baş verib:

“Quba Palace Hotel”də kanat yolu var. Bu kanat yolunun trosu qısaldılmalı idi. Bunun üçün isə xüsusi peşəkar mütəxəssislərə ehtiyac vardı. Biz araşdırma apardıq və ölkə ərazisində peşəkar xidmət verən “SCADA” şirkəti ilə razılaşdıq. Onların əməkdaşları çağırıldı və bir həftə ərzində işə başlanıldı. Təmir zamanı özləri ilə gətirdikləri tros qırılıb və təəssüflər olsun ki, faciəli hadisə baş verib. Kanatın içərisində hadisə zamanı şirkətin üç əməkdaşı olub, biri ölüb, ikisi isə yaralanıb. Hadisə sadəcə hotel ərazisində baş verib. Amma bütün məsuliyyət birbaşa olaraq “SCADA” şirkətinə məxsusdur”.

***

14:17

Quba Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, hadisə rayonda yerləşən "Quba Palace Hotel"də baş verib:

"Quba Palace Hotel"də kanat qırılıb. Hadisə zamanı kanatın içərisində 4 nəfər olub. 1-i ölüb, 3-ü yaralanıb".

***

Quba Mərkəzi Rayon Xəstəxanasından Publika.az-a verilən məlumata görə, qəza zamanı xəsarət alan rayon sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlunun vəziyyəti stabildir:

"Həsənov Rafiq Əziz oğlu sağ baldırın cırılmış yarası, Əliməmmədov Ruhid Mehman oğlu isə döş qəfəsinin əziyi diaqnozu ilə müalicəyə alınıb. Hazırda xəstələr mərkəzdə həkimlərin nəzarəti altındadır. Vəziyyətləri stabildir".

***

Quba rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com-un APA-ya istinadən verdiyi məlumata görə, Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər