ABŞ hüquq-mühafizə orqanları avtomobil satışı sahəsində fırıldaqçılıqla məşğul olan cinayətkar qruplaşmanı ifşa edib.
Teleqraf.com “RİA Novosti” istinadla xəbər verir ki, mütəşəkkil cinayətkar qruplaşma 25 nəfərdən ibarət olub. Onların arasında 2 Ukrayna, 2 Latviya, 4 Azərbaycan, 7 Rusiya, 5 Gürcüstan, 3 Qazaxıstan, 1 ABŞ və 1 Türkiyə vətəndaşı olub.
İyulun 24-də Miçiqan və Floridada qruplaşmanın bir neçə üzvü tutulub, Nyu-Yorkda isə 11 nəfər saxlanılıb.
Cinayətkarlar avtomobil almaq adı ilə vətəndaşlardan pul alıblar. Ancaq onlar vədlərinə əməl etməyiblər və qaçaraq gizləniblər. Qruplaşma üzvlərinin saxta şirkətlər açdığı və bununla ABŞ vətəndaşlarına 4,5 milyon dollar ziyan vurduqları ehtimal edilir.
Saxlanılanlar fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham edilir. ABŞ qanunvericiliyinə əsasən, cinayətkarları fırıldaqçılığa görə 30 il, çirkli pulların yuyulmasına görə daha 20 il həbs cəzası gözləyir.