ADP İdarə Heyətinin toplantısında ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər müzakirə edilib.
ADP-dən Teleqraf.com-a daxil olan məlumata görə, İdarə Heyəti Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünə münasibət bildirib və Türkiyənin fəal iştirakı ilə ölkəmizin, eləcə də Gürcüstanın Avroatlantik məkana inteqrasiya olunması baxımından bu görüşün əhəmiyyətinə diqqət çəkib. Partiya yetkililəri, həmçinin Ermənistanın işğalçılıq niyyətlərindən və qonşu dövlətlərə qarşı əsassız torpaq iddialarından geri çəkildiyi halda Azərbaycan və Gürcüstanla birgə beynəlxalq layihələrdə iştirak etməsinin və NATO-ya inteqrasiya olunmasının Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması baxımından vacibliyini diqqətə çatdırıb.
ADP Türkiyənin Rusiyadakı səfirliyinə hücum edilməsi faktından ciddi narahat olduğunu bildirib və rus hökumətini qardaş ölkənin səfirliyinə qarşı edilmiş bu təxribata aydınlıq gətirməyə və öz ərazisində akkreditasiya olunmuş bir ölkənin beynəlxalq hüquq normaları ilə təmin olunan toxunulmazlığına sayğı ilə yanaşmağa çağırıb.
Partiya Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfərini Azərbaycana edəcəyini iki ölkə arasında strateji müttəfiqliyin sədaqəti kimi dəyərləndirib və yeni dönəmdə bu əlaqələrin daha geniş şəkildə inkişaf etdirilməsinin, beynəlxalq təhdidlərə qarşı birgə xarici siyasət yürütməyin vacibliyini diqqətə çatdırıb. Əlaqələrin xalqlarımız arasında dərin iqtisadi, siyasi, mənəvi bağlılıqların möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Səxavət