Azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan Ərdəbil şəhərində qohumlarından birinin evinin önündə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, fəal təhqiramiz şəkildə saxlanılıb, ona güc tətbiq ediblər. Hadisə nəticəsində baş və üz nahiyəsindən xəsarət alan Həbib Sasaniyanın üz-gözü göyərib.
Təhlükəzilik orqanının əməkdaşları qandalı sıxaraq onun qolunu yaralayıblar. Fəala güc tətbiq edilərkən paltarlarının cırılaraq əynindən çıxdığı da bildirilir.
Fəalın yaxınlarının dediyinə görə, o növbətçi hakim tərəfindən müvəqqəti olaraq zaminə buraxılıb.
Qeyd olunub ki, elektrik mühəndisliyi və telekommunikasiya üzrə təhsil alan 44 yaşlı H.Sasaniyanın iki övladı var. O bundan öncə də azərbaycanlıların milli-mədəni hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.