İl ərzində Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsi ilə 7000-ə yaxın zəlzələ qeydə alınıb.
Məlumata görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində aparılan elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair şöbələr üzrə hesabatların təqdimatında qeyd olunub.
Həmin zəlzələlərdən 4000-ə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3000 -ə yaxını isə uzaq zəlzələlərdir. Azərbaycan ərazisində 3346 zəlzələ qeydə alınıb ki, onlardan ən güclüsü iyun ayında Zaqatalada baş verən maqnitudası 5.5 olan zəlzələ olub. Bu zəlzələ episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub. Hesabatlarda həmçinin il ərzində respublika ərazisində seysmik aktivlik, zəlzələ ocaqlarının vəziyyəti, baş verən zəlzələlərin mexanizmləri və s. kimi məsələlər haqqında ətraflı məlumatlar verilib./trend/