Bakıda işlədiyi evdən oğurluqda təqsirləndirilən xadimə Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkmişin vəkili vəsatət qaldırıb. O, təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib, Gülər Piriyevanın barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.
Məhkəmənin baxış iclası fevralın 22-nə təyin edilib.
İttihama görə, Gülər Piriyeva Vüsalə Bəşirovanının Bakıda yerləşən evində xadimə kimi çalışıb. O, işlədiyi dövürdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib.
Vüsalə Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan Gülər Piriyevanın barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.
Zərərçəkmiş Vüsalə Bəşirova “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır.