Daxili İşlər Nazirliyi Yevlaxda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb.
Fevralın 21-də Yevlax rayonunun Ərəbbəsrə kəndi ərazisində kənd sakini T.Qafarovun gözətçi işlədiyi yerin yaxınlığındakı ərazidə odlu silahla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon polis şöbəsi və Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində T.Qafarovu münaqişə zəminində ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş H.Mirzəyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, bu gün Yevlax rayonunda daha bir silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər güllə yarası alıb. Həmin şəxs rayon mərkəzi xəstəxanasına gətirilib, ona tibbi yardım göstərilib.
Bu hadisə ilə bağlı rayon polis və prokurorluğunda araşdırma aparılır.