Baş Prokurorluq Siyəzəndə baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə açıqlama yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən
Teleqraf.com-a verilən məlumata görə, mayın 31-də Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisində Yaşar Əliyev “Mercedes Benz” markalı 90-NH-489 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.
Nəticədə avtomobildə olan sərnişinlər - Larisa Lapina və Mövlüd Əmraslanov hadisə yerində vəfat edib, Nəzrin Hacıbalayeva isə xəsarət alıb.
Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin Yaşar Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Y.Əliyev iyunun 3-də şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.