Bakının Səbail rayonunda gecə klubunda işləyən bacısını öldürən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, rayonun Xəqani küçəsi 1 saylı ünvanda Füzuli rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Qalib Turabov bacısı, 1998-ci il təvəllüdlü Pərvanə Turabovanı bıçaqlayıb.
Pərvanə Turabova aldığı xəsarətdən ölüb.
Məlum olub ki, Pərvanə Turabova ailə üzvləri ilə birlikdə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yaşayıb. O, Səbail rayonunda yerləşən gecə klublarından birində xidmətçi işləyib.
Pərvanə ilə qardaşının arasında da mübahisə onun gecə klubunda işləməsi üstündə yaranıb.
Qalib Turabov bacısına gecə klubunda işləməməsini deyib. Pərvanə onun bu sözlərinə əhəmiyyət verməyib. Ötən gecə də Pərvanə gecə klubuna gəlib. Onu izləyən qardaşı da ora gəlib və gecə klubunun qarşısında bacı-qardaş arasında mübahisə yaranıb.
Mübahisə zamanı Qalib Pərvanəyə bir neçə bıçaq zərbəsi vurub. Pərvanə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olamyıb. O, xəstəxanada dünyasını dəyişib.
Qalib Turabov prokurorluq və polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
O, törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.