28 İyul 2019 11:10
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin 27 iyul tarixində saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib.

Bu barədə Teleqraf.com-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozu­cuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.

Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən ya­ra­lanıb.

Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sər­həd pozucuları geri qaçıblar.

Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunub.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əra­zi­yə ezam ediliblər.

İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə gö­rüş keçirilib, hadisə yerinə birgə baxış keçirilib, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunub, sərhəd pozucularının müəyyən edi­lərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib.

Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

Fakt üzrə cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər