30 Aprel 2014 16:15
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Diaspor Mərkəzinin bəyanat yaydı

“Özünü “demokratiya”, “insan haqqları” mücahidi elan etmiş, əslində Vətəninə qarşı düşmən fəaliyyəti aparan Leyla Yunusun əməlləri son dövrlər öz həddini aşmaqdadır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirlər Beynəlxalq Diaspor Mərkəzinin yaydığı bəyanatda yer alıb. Eləcə də bəyanatda qeyd edilir ki, Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsi və ərazi bütövlüyünün bərpası istiqamətində dövlətimiz təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir:

“Ölkə prezidenti başda olmaqla, bütün qurumlar tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin durdurulması və torpaqlarımızın azad olunması üçün həm daxildə, həm də xaricdə müxtəlif tədbirlər həyata keçirilməkdədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın əldə etdiyi uğurlar həm daxildə, həm də xaricdə olan bəzi qüvvələrin qısqanclığına səbəb olub. Demokratiya örtüyü ilə pərdələnmiş bu qüvvələr Azərbaycan milli dövlətçiliyini sarsıtmağa və onun inkişafına mane olmağa yönələn fəaliyyətlərindən əl çəkmirlər. Özünü “demokratiya”, “insan haqqları” mücahidi elan etmiş, əslində Vətəninə qarşı düşmən fəaliyyəti aparan Leyla Yunusun əməlləri son dövrlər öz həddini aşmaqdadır. Bu qadın illərdir hüquq müdafiəçisi olduğunu bəyan edərək, Azərbaycana qarşı bütün destruktiv fəaliyyətlərin ya başında, ya da çevrəsində olaraq düşmən qədər ölkəmizə zərbələr vurub. Təəssüflər olsun ki, onun arxasında duran bəzi Qərb dövlətləri və erməni lobbisi ilə birbaşa bağlı olan dairələrdir. Torpaqları işğal olunmuş, insanları deportasiya və soyqırıma məruz qalmış milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün halına düşmüş ölkəmizin vətəndaşı, həm də “hüquq carçısı” olan Leyla Yunus bu günə qədər bu xalqın maraqlarına deyil, ermənilərin mənfəətinə çalışıb. Qondarma “erməni soyqırımı” ərəfəsində dövlətimizin başçısı İlham Əliyevin Praqadakı tarixi çıxışı çoxlarının kürkünə birə salıb. Azərbaycan dövlətinin və onun prezidentinin qətiyyəti ermənipərəst dairələr tərəfindən narahatçılıqla izlənməkdədir. Belə bir məqamda Leyla Yunusun şou göstərərək Azərbaycan dövlətini ittiham etməsi məlum dairələrin ölkəmizə qarşı növbəti çirkin məqsədlərindən xəbər verir. Leyla Yunusun bu günə qədər ölkəmizə qarşı olan xəyanətini sadalamırıq. Bu haqda Azərbaycan ictimaiyyətinin məlumatlı olduğuna əminik”.

Bəyanatda qeyd edilir ki, Beynəlxalq Diaspor Mərkəzi bütün bunları qeyd edərək sözdə Sülh və Demokratiya İnstitutunun və Leyla Yunusun əməllərini şiddətlə qınayır, xaricdən maliyyə almaqla ölkəmiz əleyhinə həyata keçirdiyi fəaliyyətləri Vətənə xəyanət kimi hesab edir: “İllərdir Leyla Yunusun bu hərəkətlərinin cavabsız qalması ölkəmizi daha ciddi problemlərlə qarşılaşdırmaqdadır. BDM olaraq Leyla Yunusun hərəkətlərinə hüquqi qiymət verilməsi və onun ölkəmiz əleyhinə əməkdaşlığa girərək həyata keçirdiyi fəaliyyətlərin ifşa edilməsi üçün hüquq mühafizə orqanlarını təxirəsalınmaz tədbirlər həyata keçirməyə çağırırıq”.

BƏXTİYAR


Müəllif: