AMİP-in müttəfiqi məğlub oldu
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksionerləri İsveçdə keçirilən parlament seçkilərini izləmək üçün bu ölkədə səfərdədirlər.
Partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev Teleqraf.com-a açıqlamasında deyib ki, sentyabrın 14-də keçirilmiş parlament seçkiləri başa çatıb.
Onun sözlərinə görə, İsveçin seçki qanunvericiliyində seçkilərin keçirilmə və seçkilərdə iştirak qaydaları çox sadədir: “Bu da demokratik seçkilərin keçirilməsinə təminat verir. Seçicilər nəinki seçki günü, hətta seçki günündən öncə istər internet vasitəsi ilə, istərsə də poçt vasitəsilə səs verə bilərlər. Amma bütün seçicilər yaşadığı ərazi üzrə seçkilərə 1 ay qalmış mütləq qeydiyyatdan keçməlidirlər. Namizədlər seçki günü də daxil olmaqla seçki kampaniyası dövründə bütün təbliğat vasitələrindən istifadə edə, görüş və mitinq keçirə bilərlər”.
E.Mustafayev qeyd edib ki, budəfəki seçkilərdə iki əsas partiyanın yaratdığı koalisiya arasında mübarizə gedirdi: “Bunlar 8 ildir hakimiyyətdə olan və AMİP-lə 14 illik müttəfiqliyi olan Moderat partiyasının yaratdığı “Alyans” koalisiyası və sosial demokratların yaratdığı “Qırmızı-Yaşıllar” koalisiyası idi. Seçki sentyabrın 14-də saat 20-də başa çatdı və saat 23-də artıq nəticələr məlum oldu. Hakim partiya olan Moderat partiyasının təmsil olunduğu koalisiya 39.05%, sosial demokratların koalisiyası isə 43.5 faiz səs topladı. Seçkilərdə şok yaradacaq nəticəni İsveçdə millətçilərin yaratdığı İsveç demokratları partiyası göstərdi. Kəskin millətçi ideyaları ilə tanınan, ölkənin miqrasiya siyasətini qəbul etməyən, eyni zamanda həm moderatlara, həm də sosial demokratlara qarşı olan bu partiya 13% səs yığaraq 2010-cu ildə olan nəticələrini 2 dəfədən artıq qaldırdılar. Nəticələr məlum olandan sonra Moderat partiyasının lideri, İsveçin baş naziri Fredrik Reynfeldt partiya üzvləri qarşısına çıxdı və alınan nəticələrə görə, məsuliyyətini dərk edərək partiya liderliyindən istefa verdiyini elan etdi. Düzü, onun bu qərarı bütün partiya üzvləri arasında şok effekti yaratdı”.
E.Mustafayev vurğulayıb ki, 49 yaşlı Reynfeldt 8 il idi ki, İsveçin baş naziri idi: “Partiyanın təxminən 100 illik tarixi müddətində ilk partiya lideri idi ki, iki dəfə ardıcıl olaraq partiyasını iqtidara gətirmişdi. Siyasətçi kimi çox populyardı. Buna baxmayaraq istefa qərarı verdi. O, yaxın zamanlarda baş nazir postunu da təhvil verəcək və hökumət sosial demokratların koalisiyası tərəfindən formalaşdırılacaq. Amma heç bir partiya 50 faiz səs ala bilməyib və keçən seçkilərdə 5 faiz səs almış millətçilər 13 faiz səslə parlamentdə 48 millət vəkili ilə təmsil olunacaqlar. Bu da demokratik İsveç cəmiyyətində problemlər yarada bilər”.
Qeyd edək ki, AMİP-in baş katibi Arzuxan Əlizadə də İsveçdəki seçkiləri müşahidə etmək üçün bu ölkəyə gedib.
Nərgiz
QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müraciət edəcəyik.