Bəzi sosial şəbəkə səhifələrində sentyabrın 25-də Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobil yanması hadisəsinə yanğınsöndürənlərin cəlb olunmaması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, bu gün saat 14:55-də nazirliyin “112” qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 15:00-da (daxil olmuş zəngdən 5 dəqiqə sonra) hadisə yerinə çataraq yanğının mühərrik bölməsindən avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıb və 15:05 radələrində yanğın tam söndürülüb. Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Elxan İsmayıl oğluna məxsus “Mercedes” markalı 50-CK-141 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsi yanıb, digər hissələr isə yanğından mühafizə olunub.