16 Sentyabr 2014 11:45
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu gün sözügedən ölkənin enerji naziri Razvan Nikolesku ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector (AGRI) layihəsi ətrafında müzakirələr aparılıb.

R.Nikolesku ölkəsinin Azərbaycanla enerji sahəsində daha sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirib və enerji təminatı üçün alternativ imkanların olmasının hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.

Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barəsində məlumat verən E.Məmmədyarov bu ilin sentyabrında “Əsrin müqaviləsi”nin 20 illiyinin qeyd olunacağını və bu münasibətlə Bakıda təşkil ediləcək tədbirlər çərçivəsində TANAP layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər