Elçin Mirzəbəyli: “Bizim üçün əsas prioritet ərazi bütövlüyüdür”
“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Dağlıq Qarabağ bölgəsi üzərində suveren hüquqlarımızın bərpası ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının və partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin fikirlərində heç bir dəyişiklik baş verməyib. BAXCP sədrinin “Bizim qol” qəzetinə verdiyi müsahibədə ziddiyyət axtaranlar ya müsahibəni sonadək oxumayıblar, ya da ənənəvi olaraq qərəzli mövqedən çıxış edirlər”.
Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli deyib.
Qüdrət Həsənquliyevin “Bizim yol” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərin “Azadlıq” qəzetində şərh olunmasını maraqla qarşıladığını deyən Elçin Mirzəbəyli bildirib ki, BAXCP partiya üçün fundamental əhəmiyyət kəsb edən bütün digər məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini də geniş təhlillər və müşahidələr əsasında formalaşdırıb:
“Mövqeyimizdə ziddiyyətlər axtarmağa çalışanlardan fərqli olaraq biz bu və ya digər məsələyə münasibətimizi çayxana söhbətləri, yaxud qəzet səhifələrindən, internet mediadan, sosial şəbəkələrdən oxuduğumuz dedi-qodu xarakterli məlumatlar, eləcə də hansısa ölkənin aşağı ranqlı diplomatının təlimatları əsasında formalaşdırmırıq. Azərbaycanda, regionda və dünyada baş verən prosesləri obyektiv şəkildə, özümüzü aldatmadan təhlil edir və nəticə çıxarırıq. Yalnız Azərbaycanın maraqlarından çıxış etdiyimiz və Bütöv Azərbaycançı olduğumuz üçün Rusiyanın siyasi layihəsində rol alan “qərbçi”lərin özəl siyasi maraqlar, yaxud konyuktura naminə dilə gətirməyə cəsarət edə bilmədikləri həqiqətləri söyləməkdən çəkinmirik. Bu gün də hesab edirik ki, Azərbaycan torpaqlarının işğal edilməsinin və problemin bu günədək həll edilməməsinin əsas səbəbkarı Rusiyadır və bu səbəbdən də ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı danışıqlar məhz Rusiya ilə aparılmalıdır. Yenə də hesab edirik ki, Rusiya öz üzərinə Dağlıq Qarabağ da daxil olmaqla işğal edilmiş bütün Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı təminatlı öhdəlik götürərsə və bu istiqamətdə geriyə dönüşü mümkün olmayan addımlar atarsa, o zaman Azərbaycan dövlət müstəqilliyimizə və suverenliyimizə xələl gətirilmədən Rusiyanın maraqlarının təmin edilıməsi istiqamətində bir sıra addımlar ata, o cümlədən Gömrük İttifaqına, Avrasiya İqtisadi İttifaqına, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilər. Geosiyasi reallıqlar, maraqlar, hətta ictimai formasiyalar belə dəyişə bilər. Bu gün eyni hərbi-siyasi blokda təmsil olunan dövlətlər sabah qarşı-qarşıya qala bilərlər. Ən yaxın tariximiz də bunu sübuta yetirir. Bu baxımdan düşünürük ki, bizim üçün əsas prioritet Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Çünki istənilən dövlətin suverenliyinin təminatı onun ərazi bütövlüyüdür”.
Çormağan