5 Fevral 2020 11:30
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda sevgilisinə xəsarət yetirməkdə ittiham olunan Neftçala rayon sakini, 1993-cü il təvəllüdlü Əsgər Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Əsgər Əsgərov Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində əvvəllər sevgili münasibətlərində olduğu Səbinə Əhmədova (ad və soyad şərti verilib – red.) ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisənin baş verməsinə səbəb isə Səbinənin onunla münasibətləri bərpa etmək və evlənməyi tələb etməsi olub.

Ancaq Əsgər Əsgərov Səbinə ilə evlənməkdən imtina edib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Səbinə Əhmədovanın başını bir neçə dəfə həmin binanın divarına vurub, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Əsgər Əsgərovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Əsgər Əsgərovun barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Hökmdən narazı qalan Əsgər Əsgərov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Əsgər Əsgərovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Əsgər Əsgərovun şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər