Masallı rayon polis şöbəsi və prokurorluğu birgə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Masallı rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Belə ki, aprelin 22-də saat 13 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində üç avtomobilin toqquşması nəticəsində iki nəfərin vəfat etməsi, iki nəfərin isə aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi faktı üzrə Masallı rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.
İş üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Kia Sorento” markalı 90-ZR-590 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zaman Qasımzadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, daha sonra Z.Qasımzadənin hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Zaman Qasımzadə Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.