Hüseyn Məlik: “Qurultayın nəticələri çox pis oldu”
Müsavat Partiyasının qurultayından öncə müşavir postundan istefa verən Hüseyn Məlik qurultayın nəticələri, eləcə də, partiyada bundan sonra baş verəcək proseslər haqda fikirlərini açıqlayıb.
Sabiq müşavir teleqraf.com-a deyib ki, əslində, qurultaydan sonra deməyə bir söz də qalmayıb: “Mənim mövqeyim qurultaydan əvvəl bəyanat verib Qubad İbadoğlunu dəstəkləyən və hazırda mətbuat vasitəsilə fikirlərini açıqlayan şəxslərlə üst-üstə düşür. Başqa cür ola da bilməz. Ancaq onu da deyim ki, biz intiusiv qərar verməyəcəyik. Heç bir şəxs də fərdi qərar verməyəcək. Toplaşıb məsləhətləşəcəyik. Hazırda Qubad İbadoğlu Tiflisdədir. Bu gün axşam saatlarında Bakıya dönəcək. Tplaşıb ümumi qərar verəcəyik. Mən də bu qərara hörmət edəcəyəm və onun əsasında addımlar atılacaq. Qərarda bundan sonra hansı taktikanın seçiləcəyi bəlli olacaq. Sadəcə olaraq məsləhətləşmədə özümün də təkliflərim olacaq. İndidən bu təklifləri mətbuata açıqlamaq niyyətində deyiləm. Biz qurultaydan sonra toplaşıb bu məsələləri müzakirə etməmişik. Ancaq bu gün böyük ehtimalla məsləhətləşmə baş tutacaq. Bununla bağlı razılıq əldə olunub. Ancaq son qurultayda da göründü ki, Qubad İbadoğlunun kifayət qədər tərəfdarı var”.
Hüseyn Məlik əlavə edib ki, bu gün axşam saatlarında baş tutacaq görüşlə bağlı mövqe sabah açıqlanacaq. Onun sözlərinə görə, oktyabrın 6-da isə Qubad İbadoğlunun tərəfdarları geniş tərkibdə bir araya gələcək: “Biz oktyabrın 6-da Müsavatın qərargahında toplaşacağıq. Həmin toplantıda da bir sıra məsələlər müzakirə ediləcək. İndilikdə baş verən prosesləri müşahidə edirik. Mən hələlik Müsavatda proseslərin hansı ssenarilər üzrə inkişaf edəcəyini açıqlamaq istəməzdim. Ancaq ayın 6-dan sonra məsələlərə nisbətən aydınlıq gələcək”.
Sabiq müşavir hesab edir ki, partiyadan istefalar da olacaq. Onun fikrincə, bu gözləniləndir: “Bu seçkilərdən sonra mən hər şey gözləyirəm. Hesab edirəm ki, qurultayın nəticələri çox pis oldu. İndi bəziləri hesab edir ki, partiyada demokratik seçkilər keçirilib və Qubad İbaadoğlu cüzi səslə məğlub olub. Amma mən seçkinin özünü də çox pis qiymətləndirirəm, bu haqda normal qiymətləndirmə ola bilməz. Ola bilsin ki, kənardan seçkilərin gözəl keçdiyi müşahidə edilir. Amma nəzərə alın ki, qurultaya qədər olan prosesləri, qurultay nümayəndələrinin seçilməsi üçün konfransların keçirilməsini müsbət qiymətləndirmirəm”.
Sonda H.Məlik deyib ki, şəxsən onun özü partiyanın qərargahına getmir: “Mən getmirəm. Bildiyim qədər Qubad İbadoğlunun tərəfdarları da getmir. Bu günə qədər Qubad İbadoğlunun özü cəmi bir dəfə qərargaha gedib. Zamanla bu məsələ də müəyyən ediləcək. Biz ya qərargaha gedəcəyik, ya da getməyəcəyik”.
Cavidan