Müsavat Partiyasının iki üzvü yeni birlik yaradıb.
Teleqraf.com-un məlumatına görə, Müsavat Partiyasının sabiq başqan müşaviri, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy özünün Facebook səhifəsində bu barədə məlumat verib.
O, qeyd edib ki, Adil Qeybulla ilə birlikdə Azərbaycanda siyasi dialoq mədəniyyətinin inkişafı, ölkədə vətəndaş həmrəyliyinin yaradılması, ictimai-siyasi stabilliyin qorunması naminə Azərbaycan Konstitusiyasının, Mülki Məcəllələrinin, qanunlarının və qanunverici aktlarının çərçivəsində ictimai-siyasi fəaliyyət göstərmək üçün Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) yaradır:
“SDİM ictimai-siyasi yönümlü qeyri-hökumət təşkilatıdır. Siyasi dialoq cəmiyyətdə vətəndaş razılığına, sosial gərginliyin aradan qaldırılmasına, taktiki hədəf olaraq ölkənin yaxın dövr üçün təhlükəsizliyinin təminatına, strateji planda isə demokratik dəyərlərin və təsisatların bərqərar olmasına yönəlik siyasi prosesdir. Bu gün qloballaşan dünyada gedən proseslərin təhlili göstərir ki, fundamental prinsiplərin bazasında və beynəlxalq hüquqa söykənən standart parametrlər çərçivəsində dinamik reformasiya, ölkələrin qarşılıqlı faydalı inteqrasiya prosesləri, insan rifahının yüksəlməsinə yönəlik iqtisadi siyasət qəbul edilmiş alternativsiz yoldur. Təşkilatın məqsədi siyasi partiyalar, siyasi bloklar, qeyri-hökumət təşkilatları arasında dialoqun konseptual əsaslarının hazırlanmasında, dialoqun təşkilində fəal iştirak etmək, siyasi dialoq nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə yardımçı olmaq və bu prosesə ictimai nəzarəti təşkil etmək, eyni zamanda siyasi-iqtisadi və ictimai həyatın müxtəlif sahələrində islahatlarla bağlı təkliflər hazırlamaq, ictimai rəyi öyrənmək üçün sorğular keçirməkdən ibarətdir. Torpaqlarımızın 20 faizinin düşmən işğalında olduğunu, məlum xarici qüvvələrin dövlətçiliyimiz üçün təhlükə mənbəyi olaraq qaldığını əsas götürərək, ölkədə vətəndaş həmrəyliyinin güclənməsi naminə iqtidar-müxalifət dialoquna nail olmaq üçün fəaliyyət göstərəcəyimizi xüsusi olaraq bəyan edirik”.
Nərgiz