22 Oktyabr 2014 15:55
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər rəhbərlik etdiyi partiyanın fəaliyyətindən danışıb.

O, Teleqraf.com-a açıqlamasında deyib ki, partiya hazırda təşkilati işlər və qərargah məsələsilə məşğuldur: “Ali Məclis, İdarə Heyəti və digər strukturlar fəaliyyət göstərir”.

“Ofis kirayələməyi düşünürük”

Hazırda İdarə Heyətinin üzvlərindən birinin ofisində tədbirlər keçirildiyini söyləyən S.Əkbər özləri üçün ofis kirayələməyi düşünürlər. Maliyyə məsələsinə gəlincə, partiya sədri deyib ki, əsasən partiya rəhbərliyinə daxil olan şəxslərin ianələri hesabına fəaliyyət göstərirlər və xərclər elə də böyük deyil.

“İstəyirəm ki, təyinatlar formal olmasın”

Hazırda üç müavini olduğunu vurğulayan S.Əkbər yeni təyinatların olacağını bildirib: “Bu məsələdə tələsmək istəmirəm. Təşkilatlanma işinin başa çatmasını gözləyirəm. İstəyirəm ki, təyinatlar formal olmasın”.

“Milli Şuranın mitinqində iştirak etməməyimiz təbiidir”

O, Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqə və orada iştirak etməməsinin səbəblərinə də toxunub: “Orada bizim iştirak etməməyimiz təbiidir. Bu, Milli Şuranın mitinqi idi və biz partiyada elan etmişdik ki, hər kəs fərdi şəkildə mitinqdə iştirak edə bilər.

AzDP sədri təşkilatçısı olmadıqları mitinqdə də iştirakı istisna etməyib: “Ola bilsin ki, gələcəkdə hansısa mitinqdə təşkilatçı olmadan vətəndaş olaraq qatılaq. Bu zaman mitinqin təşkilatçısının kimliyinə və onların digərlərinin iştirakına münasibətinə də diqqət yetirəcəyik”.

“Milli Şuranın Müsavata etinasız münasibətində qınanmalı şey yoxdur”

S.Əkbər mitinqə könüllü şəkildə qatılan Müsavatın yeni və sabiq başqanına Milli Şura rəhbərliyinin etinasız yanaşması, nəinki tribunaya dəvət, heç salam belə verməməsinə münasibətini açıqlayıb: “Buna etiraz etmək düzgün deyil. Burada xüsusi qınamalı bir şey görmürəm. Çünki mitinqin təşkilatçıları mitinqin aparılmasına, eyni zamanda orada çıxışlara nəzarət məsələsinə cavabdehdilər. Onlar özləri mitinqi hansı qaydada aparacaqlarını müəyyən edirlər”.

“Avropa seçimi”nin digər birliklərin taleyini yaşamasını istəmirik

Azad Demokratlar, Azərbaycan Milli İstiqlal Partiyası, Klassik Xalq Cəbhəsi və Azərbaycan Liberal Partiyasının birgə nəzərdə tutduğu “Avropa seçimi” adlı birliyin perspektivinə gəlincə, S.Əkbər qeyd edib ki, bu istiqamətində müzakirələrin ilkin mərhələsindən irəli getmək mümkün olmayıb: “Birinci müzakirədə razılaşmışdıq ki, görüşdə iştirak edən tərəflər, yəni partiyalar öz daxili strukturlarında məsələni müzakirə edib öz mövqelərini formalaşdırsınlar. Yalnız bundan sonra ikinci mərhələyə keçə bilərik. Bu həftə ərzində yəqin ki, partiya sədrləri ilə bu istiqamətdə təmaslarım olacaq. Bu həftə olmasa da, gələn həftə görüşüb partiya daxilindəki müzakirəyə yekun vurmalıyıq. Çünki Azərbaycanda yaranan birliklər və onların sonrakı taleyi cəmiyyətdə diskussiya olunan problemli məsələlərdən biridir. Buna görə də istəmirik ki, yeni yaratmaq istədiyimiz birlik də əvvəlki birliklərin taleyini yaşasın”.

“Müsavatdan partiyamıza gəlməyi düşünənlər var”

S.Əkbər Müsavat Partiyasının qurultayından sonra partiya daxilində yaşanan gərginlik fonunda Müsavatdan AzDP-yə üz tutanların olacağı barədə səslənən fikirləri də şərh edib. Müsavatdan rəhbərlik etdiyi partiyaya gəlmək barədə düşünənlərin olduğunu söyləyən S.Əkbər məsələyə rəhbərlik səviyyəsində aktiv şəkildə müdaxilə etmədiklərini vurğulayıb: “Amma gələcəkdə Müsavat və ya başqa partiya üzvü öz fəaliyyətini dayandırıb və siyasi fəaliyyətini bizim partiyada davam etdirmək istəyəcəksə, təbii ki, biz buna yetkili orqanlarda baxıb münasibət bildirəcəyik. Heç şübhəsiz ki, hər bir partiya çalışır ki, öz ideyasını yaysın, sıralarını genişləndirsin. Bizim partiya da yeni yarandığına və təşkilatlanma mərhələsində olduğuna görə təbii ki, bu məsələyə müsbət baxacağıq. Müsavat Partiyası daxilində gedən proseslər media və sosial şəbəkələrdə geniş müzakirə olunur. Biz prosesin əvvəlində mövqeyimizi açıqlamışıq və bildirmişik ki, məsələlərə nə birbaşa, nə də dolayısıyla müdaxilə etmək niyyətində deyilik. Çünki Azərbaycanda hər bir müxalifət partiyasının zəifləməsi, bütövlükdə müxalifətin potensialına mənfi təsir göstərir”.

AzDP Müsavatla əməkdaşlıq edəcək?

“Müsavatın yeni başqanı Arif Hacılı və komandası ilə əməkdaşlıq quracaqsınızmı” sualını S.Əkbər belə cavablandırıb: “Müsavatın qurultayından öncə də bu partiya ilə demokratiya və insan haqları mərkəzində əməkdaşlığımız vardı və bu əməkdaşlıq bu gün də davam edir. Demokratiya və insan hüquq və azadlıqları Azad Demokratlar Partiyasının əsas prinsiplərindəndir. O baxımdan Azərbaycanda bu sahədə geniş əsasda funksional əməkdaşlığa hazırıq, gələcəkdə digər partiyalarla da bu sahədə əməkdaşlığımız mümkündür”.

“Gələcəkdə Azad Demokratlar Partiyası ilə Müsavat hansısa məsələdə ikitərəfli əməkdaşlıq edə bilərmi” sualına partiya sədri belə cavab verib: “Bu, siyasətdir. Qurultayımızın həm strateji, həm də taktiki münasibətlərin qurulması ilə bağlı qərarları var. Strateji münasibətləri ancaq iki halda qura bilərik: Əsas prinsipləri bizim partiyanın prinsipləri ilə üst-üstə düşər partiyalarla. Çünki AzDP liberal demokratik dəyərləri əsas götürən partiyadır. İkincisi, demokratiyaya keçidlə bağlı geniş əsaslı birlik yaranarsa, bu formatda aktiv iştirak etmək niyyətindəyik. Taktiki əməkdaşlığa gəlincə, bu, əsasən seçkilərlə bağlı ola bilər. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir, müvəqqəti, seçki müddətində müəyyən partiyalarla əməkdaşlıq edə bilərik”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər