23 Oktyabr 2014 16:05
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy ötən gün bəyan etmişdi ki, Müsavatın yeni rəhbərliyi qurultayın nəticələrindən narazı qalanları cəzalandırmaq məqsədilə “qara siyahı” tutub və yaxın günlərdə cəza tədbirlərinə başlanılacaq.

S.Əlisoy bildirmişdi ki, narazıların partiya sıralarından qovulması prosesinə oktyabrın 25-dən başlanılacaq.

Müsavat Məclisinin üzvü Osman Kazımov isə bəyan edib ki, heç kim qara siyahı tutmayıb, kimisə partiyadan çıxarmaq planı yoxdur.

Cəzalandırma başlayıb

Ancaq hadisələr bunun əksini göstərir. Belə ki, artıq sözügedən qara siyahı işə salınıb. İlk partiyadan qovulan isə Məhəbbət Muradov olub. Səxavət Əlisoy iki gün əvvəl bəyan etmişdi ki, partiyadan qovulacaq şəxslər arasında Məhəbbət Muradov və onun qardaşının da adı olacaq. Müsavatın Qubadlı təşkilatının sədri deyib ki, Muradov partiyanın nizamnaməsini pozduğu üçün Müsavatdan xaric edilib: “Dünən Müsavat partiyasının Qubadlı rayon təşkilatının şura iclası keçirilib. Məhəbbət Muradov partiya nizamnaməsini pozduğuna görə Qubadlı rayon təşkilatının sıralarından uzaqlaşdırılıb”.

Hüseyn Məlik: “Təklif edirəm ki, Müsavatın qarşısında piket keçirilsin”

İndiki Müsavat rəhbərliyindən ciddi narazı olan və bunu büruzə verən sabiq müsavatçı Hüseyn Məlik Osman Kazımovun təklif etdiyi cəza prosedurasına artıq başlanıldığını elan edib və bu prosesin davamlı ola biləcəyinə işarə edib: “Osman Kazımovun qara siyahısı reallaşdı. Muradov qardaşlarından Məhəbbət Muradov Qubadlı rayon təşkilatından qovulub. Təklif edirəm ki, yaxın günlərin birində Müsavat Partiyası qərargahının qarşısında etiraz piketi təşkil olunsun”.

Qubad İbadoğlu: “Mənim istefa verməyimə çalışırlar”

Başqanlığa sabiq namizəd, Arif Hacılının əsas rəqibi Qubad İbadoğlu da Osman Kazımovun təkliflərini ciddi tənqid edib: “Bu, nə açıqlamadır? Müsavat Partiyası bir ay içində çirkləndi ki, təmizləmə vacib oldu? Müsavatda illərlə mücadilə edənlərə qarşı belə münasibət yolverilməzdir. Onsuz da partiyadan bir qrup ayrılır, istefalar var. Arif Hacılı hər kəsə qucaq açmağı təklif edir, onun yaxın tərəfdarlarından biri isə üzvlərin partiyadan çıxarılmasına, hətta mənim istefa verməyimə çalışırlar. Onlar başa düşmürlər ki, mənim tərəfdarlarım partiyadan kənarlaşsa, partiyanın ən azı yarısı orada qalmayacaq. Amma bizim partiyadan kənarlaşmaq fikrimiz yoxdur”.

Arif Hacılı ondan narazı olanlara salam vermir

Bu arada o da bəlli olub ki, başqan Arif Hacılı ona qarşı çıxanların salamını almır. Konkret olaraq partiyanın Zəngilan təşkilatının üzvü Rüfət Əliyevin yeni başqana verdiyi salam nümayişkarənə şəkildə nəzərə alınmayıb. Buna səbəb bir müddət əvvəl Rüfət Əliyevin yeni başqanı istefaya səsləməsi olub. Rüfət Əliyevin özü isə bu halı müsavatçılıq dəyərlərinin artıq nəzərə alınmaması kimi qiymətləndirib.

Müsavat Partiyasında yaşanan gərginliyə MNTK-nın sabiq üzvü Əlövsət Talışxanlı və Qadınlar Təşkilatının sədri Ellada Məmmədli də etiraz edib. Onlar Osman Kazımovu ciddi tənqid ediblər. Əlövsət Talışxanlı deyib ki, İsa Qəmbər həbs ediləndə Osman Kazımov Sürət Hüseynovu qarşılamağa hazırlaşırdı. Baxmayaraq ki, həmin dövrdə İsa Qəmbərə yemək aparan fədakar müsavatçılar da olub. Talışxanlı hesab edib ki, belə bir adamdan nə desən gözləmək olar.

Ellada Məmmədli isə Osman Kazımovun antiİbadoğlu çıxışlarının kindən irəli gəldiyini elan edib.
Osman Kazımovun özü isə oktyabrın 22-də sosial şəbəkələrdə Müsavatın yeni formalaşan MNTK-dan tələb edib ki, verilən açıqlamalara münasibət ortaya qoysun.

Baş verən hadisələrlə bağlı başqan Arif Hacılının mövqeyini öyrənmək üçün ona etdiyimiz davamlı zənglərimiz cavabsız qalıb. Lakin görünən budur ki, partiyada ciddi gərginlik var və yaxın günlərdə daha maraqlı proseslər baş verəcək.

Cavidan


Müəllif:

Oxşar xəbərlər