Yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Abşeron rayon Prokurorluğundan bildirilib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.