Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb.
Hadisə ilə bağlı Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!
Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!”, - deyə məlumatda bildirilir.
***
11:40
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib.
Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.
Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.