Hikmət Hacıyev: “Rəsmi İrəvan ilhaq siyasəti yürüdür”
Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Azərbaycanın Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının ildönümü ərəfəsində qondarma rejim tərəfindən Zəngilanda uşaq bağçasının açılış mərasimi keçirilib.
Teleqraf.com-un məlumatına görə, məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib ki, prezidentlər səviyyəsində oktyabrın 27-də Parisdə keçirilmiş görüşün fonunda Ermənistanın bu addımı təxribat xarakteri daşıyır:
“1993-cü ilin 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamamışdır. Bu kimi addımlar bir daha ona dəlalət edir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasəti yürüdür. İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarına birbaşa ziddir. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 11 noyabr tarixli 884 saylı qətnaməsində Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi pislənilir və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.
Səxavət