Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən axşam saatlarında keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Şakir Balamətov yaşadığı evin yaxınlığında saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan 685 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı Ş.Balamətov narkotik vasitənin ona məxsus olduğunu və rayon ərazisində satışını həyata keçirdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.