6 Noyabr 2014 16:29
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhəddin Əkbər: “İnsanların mitinqə dəstək verəcəyini düşünmürəm”

“Bələdiyyə seçkilərinə start verilsə də, namizədlərin qeydə alınması prosedurasına başlanılsa da, bizim partiya üzvləri hələlik namizədliklərini qeydə aldırmayıblar”.

Bunu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. Partiya sədrinin sözlərinə görə, hazırda seçkilərlə əlaqədar olaraq üzvləri inandırmaq olduqca çətindir: “Seçkidə iştirak etmək üçün həvəsləndirməyə çalışsaq da, bu, çox effekt vermir. Ola bilsin ki, bunun bir səbəbi də bələdiyyə orqanlarının statusu ilə bağlıdır. Biz partiya kimi seçkilərdə onsuz da iştirak edə bilməyəcəyik, çünki qeydiyyata alınmamışıq. Ancaq çalışırıq ki, üzvlərimiz fərdi şəkildə iştirak etsinlər. Ancaq namizədlərimizin sayının çox olacağını düşünmürəm. Ciddi təbliğat işi aparsaq da, hələlik bunun nəticəsi yoxdur”.

Sülhəddin Əkbər qeyd edib ki, seçkilərdə bir neçə siyasi partiya da iştirak edəcək: “Əksər partiyalar seçkilərdə partiya kimi deyil, fərdi namizədlər qismində iştirak haqda düşünür. Əlbəttə, imkanımız daxilində dost partiyaların namizədlərinə dəstək verəcəyik”.

Azərbaycan müxalifətinin durumunu şərh edən Sülhəddin Əkbər deyib ki, düşərgədə vəziyyət dəyişməyib: “Aylar öncə mən də, digər ekspertlər də bu haqda fikirlərini bildirib. Hazırda ciddi bir dəyişiklik və yenilik yoxdur. Bunu təəssüflə qeyd edirəm. Durum nə ürək açan, nə də arzu olunandır. Fikrimcə, Azərbaycanda milli azadlıq hərəkatı başlayandan 2010-cu ilə qədər bir dövr tamamlandı. İndi durğunluq dövrüdür, bunun sonunda yeni situasiya yaranacaq. Bunun üçün də bir qədər gözləməli olacağıq”.

Azad Demokratlar Partiyasının sədri Milli Şuranın mitinqinə də münasibət bildirib. Deyib ki, mitinqlər insanların və siyasi partiyaların konstitusiya ilə tanınan hüququdur: “Təbii ki, hər bir təşkilat və şəxs mitinq təşkil edə bilər. Ancaq indiki şəraitdə mitinqlərə elə bir sosial tələb yoxdur. Yəni ictimai passivlik dövründə insanların mitinqə dəstək verəcəyini düşünmürəm. Yalnız ictimai siyasi aktiv kəsimin bir hissəsi bu mitinqlərə qatılır. Odur ki, mitinqlərdə hansısa artımın olması, tədbirin ictimai-siyasi fikrə təsiri olacağını düşünmürəm”.

S.Əkbər qeyd edib ki, indi real situasiya elədir ki, müxalifətin apardığı uzun illik mübarizənin nəticə verməməsi demokratik qüvvələrə inamı sarsıdıb: “Bu, reallıqdır. Bunu nəzərə almalı, dəyərləndirməli, buna uyğun addım atmaq lazımdır. Ümumiyyətlə, yeni siyasi şərait yaranmayana qədər vətəndaşların müxalif qüvvələrə kütləvi dəstək verəcəyini düşünmürəm”.

Cavidan


Müəllif: