İstanbul Azərbaycan Türkiyə Dərnəyinin (İSTAD) İdarə Heyətinin toplantısı keçirilib.
Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Təşkilatın yeni ofisində baş tutan toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Nəriman Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. İclasda Türkiyədəki digər diaspor təşkilatların, buradakı Azərbaycan diasporunun fəaliyyəti, problemləri və onların həlli yolları, eləcə də ermənilərin qondarma soyqırım təbliğatına qarşı mübarizə məsələləri müzakirə edilib. Qeyd olunub ki, Türkiyədəki azərbaycanlılar artıq dərnək fəaliyyətindən akademik fəaliyyətə keçməli, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin olunmalı, parlament və bələdiyyə seçkilərində iştirakı dəstəklənməlidir.
Toplantıda Türkiyə mətbuatında Azərbaycana dair materialların yetərincə olmaması və ermənilərin bu boşluqdan ustalıqla istifadə etməsi barədə də geniş fikir mübadiləsi aparılıb. Türkiyənin kütləvi informasiya vasitələrində müntəzəm olaraq Azərbaycan həqiqətləri, Ermənistanın təcavüzü, erməni vəhşilikləri və ümumiyyətlə, ölkəmiz barədə yazılar və videomaterialların yerləşdirilməsinin vacibliyi qeyd olunub.
İSTAD İdarə Heyətinin toplantısında iştirak edənlər qardaş ölkə olmasına rəğmən Azərbaycan mədəniyyətinin Türkiyədə geniş təbliğinə böyük ehtiyac olmasını da vurğulayıblar. Bu məqsədlə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın təşəbbüsü ilə yaxın vaxtlarda Hüseyn Cavidin “İblis” əsərinin İstanbul Teatrında səhnələşdiriləcəyi xəbəri təqdirəlayiq hal kimi qiymətləndirilib və bu istiqamətdə daha ciddi fəaliyyət göstərilməli olduğu bildirilib.
Səxavət