21 Sentyabr 2021 12:36
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 21-də Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanın almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Oğuz rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1958-ci təvəllüdlü Vaqif Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib.

Nəticədə Gülgəz Muştaqova almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vaqif Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov