“Neftin qiymətini hansısa siyasətlə bağlamaq sadəlövhlükdür”
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov dünya bazarında neftin qiymətinin aşağı düşməsi haqda səsləndirilən fikirlərə münasibət bildirib. Vitse-spiker parlamentdə çıxışı zamanı deyib ki, neftin qiymətini hansısa siyasətlə bağlamaq sadəlövhlükdür:
“Bu gün elə bir ölkə və siyasətçi yoxdur ki, onun qərarı ilə neftin və yaxud başqa əmtəə məhsulunun qiyməti ucuzlaşıb bahalaşsın. Başqa sadəlövh yanaşma da hiss etdim. Guya ABŞ neftin istehsalını artırdığına görə, dünya bazarlarında neftin qiyməti ucuzlaşıb. Amma Amerika qarşıdakı 7-8 ildə dünyada neft və neft məhsulları ixrac edən ölkə olacaq. Neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi valyuta və maliyyə bazarları və orada gedən oyunlardır. Bu oyunları heç kim proqnozlaşdıra bilməz. Ona görə də neftin qiyməti ilə bağlı danışanda məsələyə dərindən yanaşmaq lazımdır”.
V.Ələsgərov büdcədən müxtəlif sahələrə ayrılan pulların artırılmasını təklif edənlərlə razılaşmayıb: ”Biz artıq “verin xərcləyək” psixologiyasından əl çəkməliyik. Müxtəlif sahələrə ayrılan pul artırılmalıdır deyənlərlə razı deyiləm. Onsuz da hökumət müxtəlif sahələrə vəsaitləri artırır. Mən isə sual verirəm, bunun nəticəsi nə olacaq? İstər sənaye, istər kənd təsərrüfatı, səhiyyə, təhsil, elm olsun. Bu sahəyə ayrılan vəsaitlərin artırılmasının nəticəsi nə olacaq? Pulu ver, xərcləyim demək asandır. Nəticə barədə düşünmək lazımdır”.
Vitse-spiker eyni zamanda qeyd edib ki, son illərdə çoxlu su elektrik stansiyaları tikilib: “Nəticədə elektrik enerjisinə istehsalı artıb, yeni xətlər çəkilib. Bu da elektrik enerjisində itkilərin qarşısını alıb. Amma bəzi kəndlərdə itkilər var. Bunun qarşısını almaq üçün “Azerenerji”nin tərkibində komissiya yaradılmalıdır”.
Nemət