22 Fevral 2022 12:59
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Seymur Aslanov saxlanılıb.

Həmin şəxsin üzərinə, eləcə də yaşadığı evə baxış keçirilən zaman “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Quba rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri - Sahil Məmmədov, Hüseyn Məmmədov və Siyəzən rayon sakini Eldar İlyasov saxlanılıblar.

Onların üzərindən külli miqdarda, yəni 1 kiloqramdan artıq heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etdikləri məlum olub.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində polis şöbəsinin istintaq bölməsində araşdırmalar başlanılıb.

Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Quba rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


Müəllif: Hacı Zeynalov