Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılışı ilə əlaqədar bu ölkədə səfərdə olan Milli Məclisin deputatları Lüksemburq parlamentinin vitse-spikeri Loran Mozarla görüşüblər.
Görüşdə Azərbaycan və Lüksemburq qanunverici orqanları arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb, parlamentarilərin işgüzar əlaqələrinin yaradılmasının, qarşılıqlı səfərlərinin təşkilinin əhəmiyyəti qeyd edilib. Lüksemburq parlamentinin vitse-spikerinə Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, təmas xəttində gərginliyin artmasına səbəb olan hadisələr barədə məlumat verilib. Müxtəlif platformalarda lüksemburqlu deputatların bu məsələ ilə əlaqədar ədalətli mövqeyinə ehtiyac duyulduğu diqqətə çatdırılıb.
Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasında lüksemburqlu deputatların münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan addımlarda müvafiq dəstək verəcəklərinə ümidvar olduqlarını bildiriblər. L.Mozar Azərbaycanda gedən prosesləri izlədiyini və ölkəmizdəki inkişafın sevindirici olduğunu diqqətə çatdırıb. Tərəflər təmasların davam etdirilməsinin və deputatların görüşlərinin intensivləşdirilməsinin önəmini vurğulayıblar.